İstanbulda bina çökdü, axtarış-xilasetmə işləri davam edir
İstanbulun Maltepe rayonunda 7 mərtəbəli binanın ilk üç mərtəbəsi çöküb, hadisə nəticəsində 10 nəfər dağıntılar altından xilas edilib.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Hadisə Maltepe rayonunun Cevizli məhəlləsindəki Doğu küçəsində yerləşən binada səhər saat 05:40 radələrində baş verib. Hələlik çökmənin səbəbi müəyyən edilməyib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə, AFAD, UMKE, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Binanın çökməyən üst mərtəbələrində qalan sakinlər təhlükəsiz şəkildə təxliyə edilib. Dağıntılar altında qalan şəxslərin axtarışı və xilas edilməsi üçün işlərə başlanılıb.
Binanın giriş mərtəbəsində fəaliyyət göstərən tekstil emalatxanasının hadisə zamanı boş olduğu müəyyənləşdirilib.
Axtarış-xilasetmə qrupları xüsusi təlim keçmiş itlərdən də istifadə edərək dağıntılar altından əvvəlcə 5 nəfəri çıxarıb və tibbi yardım göstərilməsi üçün xəstəxanalara göndərib. Daha sonra daha 5 nəfər xilas edilib və dağıntılar altından çıxarılanların ümumi sayı 10-a çatıb.
Dağıntılar altında qaldığı ehtimal edilən şəxslərin xilas edilməsi üçün yanğınsöndürmə briqadalarından 56 texnika, 175 əməkdaş və K-9 axtarış-xilasetmə iti, AFAD-dan isə 5 texnika, 25 əməkdaş və 2 K-9 iti cəlb olunub.
Axtarış-xilasetmə işləri davam etdirilir.
01:40 09.10.2026
Oxunuş sayı: 46