Şəki-Zaqatala bölgəsində Uşaq İncəsənət Festivalının II mərhələsinin seçimləri başa çatıb







Mədəniyyət, Elm və Təhsil nazirliklərinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə seçimlər şimal-qərb bölgəsində uğurla başa çatıb.
Crossmedia.az xəbər verir ki,avqustun 4-də startı verilən festivalın ikinci mərhələsində şimal-qərb bölgəsi üzrə 498 fərdi ifaçı, həmçinin 10 rəqs ansamblı və 7 xor kollektivi ümumilikdə 22 nominasiya üzrə öz istedadlarını nümayiş etdiriblər.
Münsiflər heyəti tərəfindən uşaqların ifaçılıq bacarıqları qiymətləndirilib. İkinci mərhələnin qalibləri festivalın yekun mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Regional İdarənin nümayəndəsi bildirib ki, Uşaq İncəsənət Festivalı yalnız yarışma deyil, həm də gənclərin istedadının kəşf olunduğu, onlara dəstək verildiyi və yaradıcılığın təşviq edildiyi bir platformadır. Festival mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ən böyük sənət layihəsi kimi ölkə üzrə on minlərlə uşağı bir araya gətirir. Festival, eyni zamanda, incəsənətin uşaq dünyasındakı müsbət təsirini ön plana çıxarır.
Uşaq İncəsənət Festivalı ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bədii-estetik zövqün formalaşdırılması, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması məqsədi daşıyır.(Azərtac)
16:53 21.08.2025
Oxunuş sayı: 721