Maestro Niyazinin yaratdığı ənənə: Açıq səma altında musiqi bayramı

Bakıda Maestro Niyazinin doğum günü ölməz əsərləri və yaratdığı ənənə ilə qeyd edilib.
Crossmedia.az xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalında musiqisevərlərə SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Maestro Niyazinin doğum gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.
Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri çıxış edib.
Proqramda Maestro Niyazinin sevilən əsərləri ilə yanaşı, Azərbaycan musiqisinin digər klassikləri - Üzeyir Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov və Asəf Zeynallının da əsərləri səsləndirilib.
Musiqi axşamı həm peşəkar ifaçılıq, həm də zəngin repertuar seçimi ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.
İfa olunan əsərlərin hər biri xüsusi alqışlarla qarşılanıb.
Konsertdə sənət adamları, musiqişünaslarla yanaşı, maestro Niyazinin sənət irsini sevən geniş musiqi ictimaiyyəti də iştirak edib.
Qeyd etmək yerinə düşər ki, bir zamanlar açıq səma altında konsertlərin keçirilməsi ideyasını gerçəkləşdirən şəxs məhz Maestro Niyazi olub. Onun təşəbbüsü ilə başlayan bu ənənə artıq Azərbaycan musiqi həyatının ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan, Yay zalında keçirilən hər bir tədbir maestroya ehtiramın simvolu kimi qiymətləndirilir.
Bu möhtəşəm musiqi axşamı bir daha sübut etdi ki, Niyazinin adı və sənət irsi Azərbaycan musiqi mədəniyyətinin canlı yaddaşıdır.
(Oxu.az)
23:59 20.08.2025
Oxunuş sayı: 789