Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Biz Ukrayna üçün çox vacib və çox lazım olan yardım və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Crossmedia.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı jurnalistlərlə açıqlamasında deyib.
O bildirib ki, humanitar yardımın tərkibinə daxil olan elektrik avadanlıqlarından Ukrayna bütün elektrik sistemini bərpa etmək üçün istifadə edəcək:
"Biz xüsusilə qiymətləndiririk ki, bu, cari ildə aldığımız elektrik avadanlığı yardımının ikinci paketidir. Azərbaycan tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndiririk".
"Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik. Azərbaycanın tariximizin ən qaranlıq və çətin dövründə bizə dəstək göstərməsinə görə dərin təşəkkürümüzü bildiririk", - deyə səfir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir.
Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.
14:28 13.08.2025
Oxunuş sayı: 563