“Ermənistanın bu prinsipləri pozması ağılsızlıqdır” - Deputat

Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında paraflanmış sazişə əsasən, tərəflər bir-birinə qarşı güc tətbiq etməkdən və ya güc tətbiqi ilə hədələməkdən çəkinəcəklər. Sənəddə qeyd olunur ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı BMT Nizamnaməsinə zidd olan hər hansı formada güc tətbiqindən imtina edəcək, həmçinin öz ərazilərinin üçüncü tərəflər tərəfindən digər tərəfə qarşı qanunsuz güc tətbiqi üçün istifadəsinə imkan verməyəcək. Bundan əlavə, tərəflər bir-birinin daxili işlərinə müdaxilə etməməyi öhdələrinə götürüblər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib: “Azərbaycan və Ermənistan rəhbərləri arasında paraflanan sənədin mətninə nəzər saldıqda orda Ermənistanın beynəlxalq hüquqla öz üzərinə götürdüyü öhdəlikləri əks olunub. Və orada bəndlərdən birində Ermənistanla Azərbaycanın bir-birinə güc tətbiq etməyəcəyi və hədələməməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə biz bu sənədin mahiyyətinə varsaq onun şahidi olacayıq ki, burada Azərbaycanın bütün milli maraqları, 35 illik münaqişə konteksində tələbləri və Ermənistanın gələcəkdə ata biləcəyi addımlara qarşı bəndlər əlavə edilmişdir. Məhz burada onun öz öhdəliklərindən boyun qaçırmasına heç bir imkanı və fürsəti olmayacaq. Gələcəkdə Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətdə olmasa belə onun yerinə gələcək liderlər bu sənədi Paşinyanın imzaladığını əsas tutaraq öhdəliklərdən boyun qaçıra bilməzlər. Mən hesab etmirəm ki, Ermənistan öz öhdəliklərindən boyun qaçırsın. Ermənistanın bu prinsipləri pozması ağılsızlıqdır”.
Ayhan
15:49 12.08.2025
Oxunuş sayı: 1074