"Bu tarixi uğur Prezident İlham Əliyevin qətiyyətli liderliyinin bariz nümunəsidir" - Deputat

Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarının qaldırılmayacağını təsdiq ediblər. Paraflanmış saziş dövlətlərimiz arasında münasibətlərin tənzimlənməsi, diplomatik münasibətlərin qurulması yolunda atılmış ən böyük addımlardandır. Hər iki tərəfin üstünə götürdüyü öhdəliklər illərdir davam edən münasibətləri tənzimləməyə xidmət edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-a açıqlama verib: “Azərbaycan Respublikası hər zaman verdiyi sözə əməl edən, beynəlxalq hüquqa sadiq dövlət kimi öz mövqeyini təsdiqləyib və bu mövqeyinə görə beynəlxalq aləmdə etibarlı tərəfdaş nüfuzunu qazanıb. Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və uzaqgörən siyasəti nəticəsində Ermənistan ilk dəfə olaraq qarşılıqlı şəkildə ərazi iddialarından imtina öhdəliyini qəbul edib. Bu razılaşma təkcə iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, bütövlükdə regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasına yönəlmiş tarixi addımdır. Sənəd qarşılıqlı etimad mühitinin formalaşmasına, sərhədlərin dəqiqləşdirilməsinə və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm zəmin yaradır. ABŞ və BMT-nin bu razılaşmada qarant kimi çıxış etməsi, sənədin icrası baxımından əlavə etibarlılıq və dayanıqlılıq təmin edir. Bu, beynəlxalq təminat mexanizmi tərəflərin götürdükləri öhdəliklərə sadiq qalmasını, əldə olunmuş razılaşmanın davamlı və real nəticələrə gətirib çıxarmasını təmin edəcək. Azərbaycan Respublikası bundan sonra da beynəlxalq hüquqa və sülhün bərqərar olunmasına sadiq mövqeyini davam etdirəcək. Bu tarixi uğur Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən diplomatik xətti və ölkəmizin milli maraqlarını hər zaman qorumaq prinsipinə sadiqliyinin bariz nümunəsidir”.
Ayhan
15:42 12.08.2025
Oxunuş sayı: 5285