Makrondan doğru xəbər?: Fransanın Cənubi Qafqazda sülhü dəstəklədiyini deməsi...

Fransa Prezidenti Emmanuel Makronun ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini yüksək qiymətləndirməsi regionda müsbət proseslərə işarədir. Makron razılaşmanın tezliklə rəsmi sülh müqaviləsinə çevriləcəyinə və bununla da Qafqazda sabitliyin möhkəmlənəcəyinə ümid etdiyini bildirib. O, həmçinin regional əməkdaşlığın genişləndirilməsi istiqamətində Fransa tərəfindən dəstəyin davam etdiriləcəyini vurğulayıb.
Məlum olduğu kimi, rəsmi Parisin Cənubi Qafqazla bağlı həmişə qeyri - adekvat olub. Yelisey Sarayı bölgədə "suları bulandırmaq", Azərbaycanla Ermənistan arasında normallaşmaya mane olmaq istəyib. Bu, ATƏT-in Minsk Qrupunun fəaliyyəti dövründə də belə idi, indi də belədir.
Bəs nə oldu ki, Paris birdən - birə Qafqazda sülhü dəstəkləmək qərarına gəldi?
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu qeyd edib ki, Makronun birdən-birə sülhdən danışması ilk baxışda müsbət mesajdır: "Lakin ötən 5 il ərzində, 44 günlük müharibədən sonra, sülhün bərqərar olmaması üçün ən çox əziyyət çəkən tərəflərdən biri də məhz Makron olub. Bu qəfil mövqeyin dəyişməsi göstərir ki, Makron artıq Azərbaycanın gücünü və nüfuzunu qəbul edib. Güc və qalibiyyət həmişə qibtə yaradır. Makron beynəlxalq münasibətlərdə bir çox məsələdə Azərbaycanla rəqabətdə uduzduğu bir dövrdədir. Yeni Kaledoniyadan tutmuş Korsikaya qədər siyasi, diplomatik və informativ sahələrdə Azərbaycanın üstünlüyü Makronda daxili həsəd yarada bilər. Bu isə onun açıqlamalarında özünü göstərir".
Deputat səmimiyyət məsələsinə toxunaraq vurğulayıb ki, Azərbaycan artıq siyasətdə səmimiyyətin olmaması ilə uzun müddətdir hesablaşır: "Qərbin ikili standartlar siyasətində səmimiyyət axtarmaq sadəcə sadəlövlükdür. Bu fikirlər Makronun mövqeyindəki dəyişikliklərin səbəblərini açıq şəkildə göstərir və Azərbaycanın regiondakı gücünü bir daha təsdiqləyir".
Mehriban Yariyeva
15:47 12.08.2025
Oxunuş sayı: 5521