"Avropa İttifaqının Ermənistandakı missiyası fəaliyyətini dayandırmalıdır" - Deputat

Ermənistan və Azərbaycan bir-birinə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Bu barədə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətnində qeyd olunub. Paraflanmış sazişdə Qafqaza sülh gətirəcək bütün müddəalar öz əksini tapıb. Lakin maraqlısı budur ki, Ermənistan indiyə qədər sülh üçün çox öhdəlik götürsə də terror təxribatlarından əl çəkməmişdir. Bu saziş Ermənistanın bu addımlarına son qoyacaqmı? Qafqazda birmənalı şəkildə sülh təmin edildimi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" 17 maddədən ibarətdir. Sazişin bütün maddələri Azərbaycanın milli maraqlarına uyğundur. Habelə, bir-birinə qarşı indi və gələcəkdə ərazi iddialarının olmadığını təsdiqləyir, həmçinin bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə, dəstəklənməsinə yol verməyəcəyi öhdəliyini götürürlər. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini şərtləndirir. Eyni zamanda, tərəflər separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər. Bu isə Azərbaycan ərazilərində erməni separatizminin yenidən baş qaldırma riskinin olmadığını, Qarabağda separatizmin kökünün birdəfəlik kəsildiyini təsdiqləyir”.
Deputat həmçinin qeyd edib: “Sazişdə, həmçinin qeyd olunur ki, tərəflər sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Bu isə Aİ "mülki missiyası"nın regiondan çıxmasını şərtləndirir. Çünki Avropa İttifaqının Ermənistandakı missiyasına artıq ehtiyac qalmayıb, bu missiya faktiki olaraq iflasa uğrayıb. Aydındır ki, bu missiya Fransa Prezidenti Emmanuel Makronun layihəsi idi. Məqsəd isə Aİ-nin, Qərbin Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasibətləri gərginləşdirmək idi. Artıq iki tərəfin də qəbul etdiyi sülh gündəliyi var. Buna görə də Aİ missiyası fəaliyyətini dayandırmalıdır. Tərəflər itkin düşmüş şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla tədbir görmək öhdəliyi götürürlər. Bu isə 4 minə yaxın soydaşımızın taleyinə aydınlıq gətirilməsi deməkdir. Sazişdə delimitasiya və demarkasiya prosesi, həmçinin yekun sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin qurulmasına dair bəndlər də yer alıb”.
Ayhan
15:34 12.08.2025
Oxunuş sayı: 1567