"Zəngəzur dəhlizinin istifadəyə verilməsi hər hansısa bir ölkənin süverenliyinə heç bir xələl gətirmir" -DEPUTAT

Ötən gün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian açıqlamasında rəsmi Tehranın sərhədlərin qorunacağı təqdirdə Zəngəzur dəhlizinin istifadəyə verilməsinin əleyhinə olmadığını qeyd edib. İran Prezidenti həmçinin bu marşrutla bağlı İslam Respublikasının tələblərinin nəzərə alındığını, marşurutun mövcud sərhədləri qoruduğunu, nəqliyyat əlaqəsinin təmin edildiyini və Avropa və şimala tranzitə mane olmadığını vurğulayıb. Maraqlısı isə budur ki, Azərbaycanın ilk vaxtdan qeyd etdiyi yolda heç bir ölkənin ərazisinə təhdidin olmadığının şahidi olduq, lakin bəzi dairələrin ciddi narahat olması hələ də maraqlıdır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən deputat Vüqar Bayramov Zəngəzur dəhlizinin reallaşması ilə hər hansısa ölkəyə təhdiddən söhbət belə getmədiyini qeyd edib.
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi hər hansı bir ölkənin süverinliyinə heç bir xələl gətirmir, əksinə bu Naxçıvanla quru yol əlaqəsi yaradır. Təbii ki ABŞ Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizini 99 il müddətini icarəyə götürəcək və bununla bağlı razılaşma var. Bu isə təbii ki, Ermənistanla ABŞ arasında olan razılaşmadır. Ona görə də bu tip açıqlamaların izahatının verilməsi kifayət qədər çətindir, çünki burda hər hansısa ölkəyə təhdid və ya ərazi bütövlüyünə qarşı heç bir söhbət getmir. Zəngəzur dəhlizi ilə bağlı ABŞ, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmaya gəlib. Bu isə ondan xəbər verir ki, biz qısa müddətdə dəhlizin reallaşmasını görəcəyik”.
Deputat həmçinin bəzi ölkələrin Zəngəzur dəhlizinin reallaşmasına qarşı olmaqdansa bu dəhlizdən faydalanmağı daha məqsədəuyğun olduğunu qeyd edib.
“Ümumən Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxmaqdansa bu dəhlizdən faydalanmağı daha məqsədəuyğun olduğunu düşünürəm. Rasional olaraq region dövlətləridə Zəngəzur dəhlizindən daha çox fayda əldə edə bilərlər”- deyə deputat bildirib.
Elmir Heydərli
14:22 11.08.2025
Oxunuş sayı: 851