"Tramp İlham Əliyevin verdiyi fürsəti dərhal dəyərləndirdi" - DEPUTAT

Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması regionun tarixində dönüş nöqtəsi oldu. Əsrlər boyu kənar qüvvələrin təsiri ilə alovlanan münaqişələr, müharibələr və iğtişaşlar dövrü sona çatdı. Bu, birmənalı olaraq ədalətin bərqərar olmasıdır və bu ədaləti təmin edən Prezident İlham Əliyevdir. Onun uzaqgörən və qətiyyətli siyasəti təkcə Azərbaycanın təhlükəsizliyini və maraqlarını qorumur, həm də qlobal sülhə və ədalətə töhfə verir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında ədalətli siyasətin nümunəsinə çevrilib. Bu siyasət təkcə Cənubi Qafqazda deyil, dünyada münaqişə ocaqlarına münasibətdə, kiçik dövlətlərə dəstəkdə və müstəmləkəçilik ənənələrinə qarşı mübarizədə özünü göstərir. Prezidentin balanslı, düşünülmüş və ədalətə əsaslanan siyasəti bütün dünyaya sülh, sabitlik və əmin-amanlıq vəd edir, beynəlxalq arenada Azərbaycanı ədalət və sabitliyin carçısına çevirir.
Prezident İlham Əliyevin sülh siyasəti ilə bağlı Milli Məclisin deputatı Nigar Arpadarai Crossmedia.az-a açıqlama verib: "Prezident Donald Trampın "Bu atəşkəs deyil, bu sülhdür” ifadəsi Vaşinqtonda keçirilən sammitin əsas məqamı oldu. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hesablayıb ki, sülh sazişlərinin yalnız təxminən üçdə biri davamlı sülhlə nəticələnir. Bunu bizdən yaxşı kim bilər ki, Azərbaycan öz sülhünü 30 ildən çox gözlədi. Amma indiki vəziyyətdə, məncə, tammiqyaslı sülh şansı kifayət qədər yüksəkdir. Vaşinqtonda qısa, amma məzmunlu bir sənəd imzalandı. Azərbaycan Naxçıvana dəhliz əldə edir. Ermənistan isə suverenliyinə hörmət olunacağına dair zəmanət alır. Tramp özünün ikinci prezidentlik müddəti dövründə ilk strateji xarici siyasət uğurunu qazanır. Və tamamilə aydındır ki, bu uğuru ona, əslində, bu razılaşmaya gedən yolda işin 90%-ni görmüş Azərbaycan Prezidenti bəxş edib. Mən bunu görüşün digər iştirakçılarının rolunu kiçiltmək üçün demirəm və yaxşı dərk edirəm ki, Paşinyan da sonda cəsarət göstərərək öz cəmiyyəti ilə keçmişin səhvləri, işğal və Ermənistanı perspektivsiz qoymuş dağıdıcı milli ideologiya barədə söhbətə başladı. Ermənistanın bu gün manevr imkanları çox məhduddur və bu, məhz o keçmiş səhvlərin nəticəsidir. Prezident Tramp isə möhtəşəm intuisiya və nəhəng siyasi, biznes təcrübəsinə sahib bir şəxs kimi, Prezident Əliyevin verdiyi fürsəti dərhal dəyərləndirdi və ondan yararlandı”.
Deputat həmçinin qeyd edib:
“Cənab Tramp vəziyyətdən duyduğu məmnuniyyəti gizlətmədi. O, faktiki olaraq, indiyə qədər Rusiya, İran və Fransanın "meydan suladığı" Ermənistana giriş imkanı əldə edir və bu, ona hər üçü üzərində təsir mexanizmi verir. Bununla belə, Azərbaycan suverenliyindən heç bir güzəştə getmir və strateji konsepsiyasına uyğun olaraq, öz ərazisini xarici qüvvələrə təqdim etmir. Tramp daxili siyasət səhnəsində öz uğurlarını və dünya liderləri arasında artan hörmətini nümayiş etdirir. Və nəhayət, həqiqətən də, Nobel mükafatına iddia edə bilər. Daha bir mühüm amil, diqqətdən kənarda qalan ANCA və digər erməni diaspor təşkilatlarının isterik reaksiyasıdır. Onlar prosesdən kənarda qaldılar. Bunu, ABŞ siyasətində erməni lobbisinin ənənəvi böyük çəkisini nəzərə alsaq, xüsusi qeyd etmək lazımdır. Səbəb odur ki, bütün iştirakçılar, o cümlədən Paşinyan, yaxşı bilirlər ki, ANCA və bənzərləri sülhü sabotaj etmək üçün hər şeyi edərdilər. Üstəlik, Azərbaycan heç vaxt münaqişənin başlıca təhrikçisinin arxasında gizləndiyi bir razılaşmaya getməzdi. Prezident Tramp da ANCA-nın fikrinin onu maraqlandırmadığını göstərdi. Ermənilərin lobbi qrupunun seçkilərdə Demokratların namizədi Kamala Harrisi dəstəkləyib ona qarşı çıxması bu məsələdə rol oynayıbmı? Ola bilər. Bu, şübhəsiz ki, dövrümüzün ən təcrübəli və uğurlu dünya siyasətçilərindən biri, Prezident Əliyevin rəhbərlik etdiyi diplomatiyamızın tarixi nailiyyətidir”.
Ayhan
11:56 11.08.2025
Oxunuş sayı: 1651