Komitə sədri: "Azərbaycan-Ermənistan sülh gündəliyi böyük əhəmiyyət kəsb edir"

Prezident İlham Əliyev Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub. Prezident qeyd edib ki, Bayden administrasiyasının siyasəti Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirsə də, yeni dövrün başlanması ilə ABŞ-Azərbaycan münasibətləri sülh və əməkdaşlıq əsasında inkişaf etməkdədir.
Məlum olduğu kimi, Demokratların hakimiyyəti dövründə ABŞ Azərbaycana qarşı zaman- zaman qərəzli mövqe ortaya qoymuşdu. Bu, ikitərəfli münasibətlərə zərbə vurmaqla yanaşı, həm də Cənubi Qafqazda "suların durulmasına" imkan vermirdi. Trampın timsalında Respublikaçılar yenidən hakimiyyətə gəldikdən sonra isə gərginliklər tədricən aradan qalxmağa başladı.
Tərəflər arasında münasibətlərin hazırkı durumu barədə Crossmedia.az-a danışan Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Arzu Nağıyev deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ-yə səfəri Donald Trampın dəvəti ilə baş tutub və tarixi əhəmiyyət kəsb edir: "Səfərin əsas məqsədi ABŞ-nin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün zəruri sənədlərin və müddəaların paraflanması idi. Hələ 2024-cü ilin noyabrında ABŞ-də keçirilən prezident seçkilərindən üç ay əvvəl Şuşada təşkil olunan Qlobal Media Forumunda Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə Trampın namizədliyi haqqında müsbət fikirlər səsləndirmişdi. Trampın prezidentliyi dövründə ABŞ-də heç bir yeni müharibənin başlamaması və sülhün bərqərar olması üçün atılan addımlar Prezidentin çıxışlarında öz əksini tapıb. ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Strateji tərəfdaşlıq xartiyasının hazırlanması və hökumətlərarası anlaşma memorandumunun imzalanması bu münasibətlərin dostluq və əməkdaşlıq əsasında inkişaf edəcəyinin sübutudur. Təbii ki, ABŞ və Azərbaycan arasında əməkdaşlıq enerji, tranzit, ticarət, regional bağlantılar, müdafiə və süni intellekt sahələrini əhatə edir. Bu məqsədlə yaradılacaq Strateji İşçi Qrup beynəlxalq səviyyədə öz töhfəsini verəcək. Ən mühüm məsələlərdən biri də ABŞ Konqresinin 907 saylı düzəlişinin icrasını dayandıran sənədin imzalanmasıdır. Bu, ikitərəfli münasibətlər üçün çox böyük əhəmiyyət kəsb edir. Vaxtilə Cozef Bayden administrasiyası Əfqanıstandakı əməliyyatlar başa çatdıqdan dərhal sonra 907 saylı düzəlişi bərpa etmişdi ki, bu da Azərbaycana qarşı qərəzli siyasətin təzahürü idi.”
Millət vəkili, həmçinin bildirib ki, Azərbaycan-Ermənistan sülh gündəliyi böyük əhəmiyyət kəsb edir: "Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında keçirilən görüş nəticəsində Birgə Bəyannamənin imzalanması bu prosesin mühüm nailiyyətidir. ATƏT-in ləğvi ilə bağlı müraciət ünvanlanıb, həmçinin Ermənistanın konstitusiyasına düzəlişlərin edilməsi də əsas məsələlərdən biridir. Zəngəzur dəhlizinin açılması və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz quru əlaqəsinin təmin edilməsi ilə bağlı müddəaların paraflanması da müzakirə olunub. Sənədlərin paraflanması zamanı hər iki dövlətin xarici işlər nazirlərinin iştirakı xüsusi əhəmiyyət kəsb edib. Düzdür, sənədlərin paraflanması hələ sülh müqaviləsinin imzalanması demək deyil, lakin bu, sülh istiqamətində atılmış ən böyük addımdır. 2026-cı ildə Ermənistanda konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirildikdən sonra sülh müqaviləsinin imzalanması təmin olunacaq.”
Ayhan
13:57 10.08.2025
Oxunuş sayı: 968