Xorvatiya mediası: “Vaşinqtonda tarixi sülh – yeni mərhələnin başlanğıcı”


Xorvatiya mətbuatında Vaşinqtonda reallaşan Azərbaycan–Ermənistan sülh sammiti geniş işıqlandırılıb.
Crossmedia.az-ın məlumatına görə, xəbər portalları Cənubi Qafqazda yeni siyasi axının göstəricisi kimi bu razılaşmanın strateji əhəmiyyətini vurğulayırlar.
“Jutarnji List” nəşri xəbər verir ki, 35 illik münaqişənin ardından ABŞ vasitəçiliyi ilə imzalanan sülh sazişi tərəflərin dost olaraq qalmalarının zəmanəti kimi qiymətləndirilib. Razılaşmaya strateji tranzit dəhlizinə dair ABŞ-a eksklüziv inkişaf hüquqları da daxildir.
Večernji.hr nəşri isə bunu Qafqazda “Tramp triumfu” adlandırır. Bildirilir ki, razılaşma nəticəsində ABŞ bölgədə strateji dəhlizə 99 illik nəzarət əldə edəcək.
Index.hr xəbər portalı yazır ki, “Onilliklər boyu düşmənlik qurtardı — Tramp qarşısında sülh imzalandı; Putin bundan razı qalmayacaq”. Məqalədə vurğulanır ki, bu sülh razılaşması ABŞ-ın regional təsirini artıraraq, Rusiyanın dominant mövqeyini zəiflədə bilər.
Dnevnik.hr nəşri isə qeyd edir ki, Ermənistan və Azərbaycan Ağ Evdə münaqişəni rəsmi olaraq sona çatdıraraq yeni dostluq səhifəsinə imza atıblar.
“Glas Istre” xəbər portalında sülh razılaşmasının iqtisadi canlanmaya yol açacağı və uzunmüddətli sabitliyin təminində əsas rol oynayacağı qeyd edilir.
Xorvatiya mediası yekdilliklə vurğulayır ki, Vaşinqtonda imzalanan sülh sazişi Cənubi Qafqazda yeni siyasi reallığın başlanğıcıdır.
(AZƏRTAC)
23:53 09.08.2025
Oxunuş sayı: 1160