Türkiyə mediası Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşünü geniş işıqlandırdı

Türkiyənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, çap nəşrləri və xəbər saytları ABŞ-da Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən görüşün nəticələrini geniş işıqlandırıblar.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, qardaş ölkənin televiziya kanalları və internet resursları gün ərzində Vaşinqtondan bir neçə dəfə canlı bağlantılar yayımlayaraq Prezident İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşü “tarixi” adlandırıblar.
Türkiyə ictimaiyyətinə Prezident İlham Əliyevin mövqeyi çatdırılıb, Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə çağırışları xüsusi vurğulanıb.
Xəbər materiallarında Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsi haqqında Bəyannamənin önəmi diqqətə çatdırılıb. İllərdir davam edən münaqişənin dayandırılması baxımından imzalanan sənədlərin taleyüklü olduğu qeyd olunub.
Müxtəlif televiziya kanallarında analitiklər, ekspertlər və jurnalistlər çıxış edərək Vaşinqtonda keçirilən tarixi görüşlə bağlı öz fikirlərini bölüşüblər.
Ağ Evdəki görüşün nəticələri region və dünya üçün xüsusilə önəmli hesab olunub, o cümlədən Türkiyə ilə türkdilli dünya arasında əlaqələrin açılması və inkişafı kontekstində xüsusi əhəmiyyət daşıyır.
Pərvin Hacıyeva
16:57 09.08.2025
Oxunuş sayı: 2780