Uşaq İncəsənət Festivalında ikinci seçim mərhələsi başlayıb

Uşaq və yeniyetmələrin yaradıcılıq potensialını dəstəkləmək və onların bacarıqlarını üzə çıxarmaq məqsədilə təşkil olunan Uşaq İncəsənət Festivalı çərçivəsində ikinci seçim mərhələsi başlayıb.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, festivalda fərdi iştirakçılar üzrə ümumilikdə 21 min 559 nəfər qeydiyyatdan keçib. Onlardan 16 min 117 nəfəri birinci mərhələdə iştirak edib, 8 596 nəfər isə ikinci mərhələyə vəsiqə qazanıb.
Kollektiv iştirakçılar üzrə isə ümumi qeydiyyatdan keçən kollektivlərin sayı 294 təşkil edir. Onlardan 255 kollektiv seçimlərin birinci mərhələsində iştirak edib, 215 kollektiv isə (ümumilikdə 3 032 uşaq olmaqla) növbəti mərhələyə keçib. İkinci seçim mərhələsi zamanı iştirakçılar üçün müxtəlif istiqamətləri əhatə edən yaradıcılıq fəaliyyətləri, ustad dərsləri, tematik tədbirlər və kiçik festivalların təşkili nəzərdə tutulur. Bu yanaşma uşaqların yalnız seçim prosesində deyil, eyni zamanda, inkişaf və ilhamverici mühitdə iştirakını təmin etməyə xidmət edir.
Qeyd edək ki, ikinci seçim mərhələsi 2025-ci ilin sentyabr ayının əvvəlinədək davam edəcək. Festival çərçivəsində keçirilən bütün mərhələlər uşaqların yaradıcı potensialının dəstəklənməsi və gələcəyin incəsənət nümayəndələrinin formalaşmasına mühüm töhfə verir.
16:28 05.08.2025
Oxunuş sayı: 624