Tramp ABŞ-nin texnologiya nəhənglərinə dövlət medalları təqdim etdi
ABŞ Prezidenti Donald Tramp ölkənin elm və texnologiya sahəsində liderliyini qorumaq istiqamətində atılan addımları vurğulayıb və bu sahənin aparıcı nümayəndələrinə dövlət mükafatları təqdim edib.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Tramp Ağ Evdə keçirilən “Elm: Yeni Qızıl Dövr Sammiti”ndə çıxış edərək hakimiyyətə gəldiyi ilk gündən ABŞ-NİN elm və texnologiya sahəsində liderliyini davam etdirməsi üçün qətiyyətli addımlar atdıqlarını bildirib.
O, sammitdə qarşıdakı illərdə elmi fəaliyyətin necə canlandırıla biləcəyinin müzakirə olunacağını deyib. Tramp həmçinin ABŞ üçün böyük gələcəyin qurulmasına töhfə verən altı “milli xəzinəyə” ölkənin ən yüksək elm və texnologiya mükafatlarından olan Milli Elm Medalı və Milli Texnologiya və İnnovasiya Medalının təqdim ediləcəyini açıqlayıb.
Tramp elm və texnologiyanın inkişafına mühüm töhfələr verən şəxslərə medallar təqdim etməyi özü üçün şərəf adlandırıb.
Çıxışdan sonra Google-un həmtəsisçisi Sergey Brin, “Nvidia” şirkətinin baş direktoru Jensen Huang, “SpaceX” şirkətinin baş direktoru Elon Musk və “Advanced Micro Devices” (AMD) şirkətinin baş direktoru Lisa Su Milli Elm Medalı ilə təltif olunublar.
“Dell Technologies” şirkətinin baş direktoru Michael Dell və “Microsoft” şirkətinin baş direktoru Satya Nadella isə Milli Texnologiya və İnnovasiya Medalına layiq görülüblər.
Sergey Brin elm, ticarət və gündəlik həyatda informasiyaya çıxış imkanlarını dəyişdirən məlumat əldə etmə və verilənlərin emalı alqoritmlərinin hazırlanmasına töhfələrinə görə mükafatlandırılıb. Jensen Huang isə prosessor dizaynı və proqram təminatı sahəsindəki yeniliklərinə görə medala layiq görülüb.
Elon Musk kosmosun tədqiqi, ağıllı sistemlər və kommunikasiya sahələrində mühəndislik nailiyyətlərinə görə, Lisa Su isə yarımkeçirici mühəndisliyi və yüksək məhsuldarlıqlı hesablama sahəsindəki fəaliyyətinə görə təltif edilib.
Michael Dell fərdi və korporativ hesablama texnologiyalarının geniş yayılmasına yönəlmiş fəaliyyətinə, həmçinin gələcək nəsil amerikalı alim, mühəndis və texnologiya mütəxəssislərinə verdiyi dəstəyə görə mükafatlandırılıb.
Satya Nadella isə bulud texnologiyalarının inkişafına və ABŞ-də süni superintellektin hazırlanması və qlobal miqyasda istifadəsinə verdiyi töhfələrə görə Milli Texnologiya və İnnovasiya Medalına layiq görülüb.
05:33 09.10.2026
Oxunuş sayı: 70