Ceyhun Bayramovdan mühüm mesaj: Yaxın Şəqdəki müharibəyə Azərbaycan son qoyacaq?

Son dövrlərdə Yaxın Şərq regionunda baş verən hadisələr beynəlxalq ictimaiyyətin və regional güclərin diqqət mərkəzindədir. Münaqişələrin dərinləşməsi, humanitar böhranlar və geosiyasi gərginliklər bu bölgəni dünyanın ən həssas nöqtələrindən birinə çevirib. Belə bir şəraitdə Azərbaycanın regiondakı aktiv diplomatik mövqeyi və sülhpərvər siyasəti diqqət çəkir. İsrailin Azərbaycanda yeni təyin olunmuş səfiri Ronen Krausun xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı Azərbaycanın Yaxın Şərqdə artan dramatik vəziyyətlə bağlı narahatlığını ifadə etməsi və eyni zamanda bölgədə sülh və sabitliyə töhfə vermək niyyətini bəyan etməsi bu istiqamətdə mühüm diplomatik mesaj kimi dəyərləndirilir. Azərbaycanın həm Suriya, həm də İsraillə yaxşı münasibətlərə malik olması ölkəmizin regionda vasitəçi rolunu oynamaq potensialını artırır və onun beynəlxalq siyasətdə artan rolunu bir daha nümayiş etdirir.
Milli Məclisin deputatı Elman Nəsirov Crossmedia.az-a açıqlamasında Azərbaycanın Yaxın Şərq siyasətindən danışıb: "Məlum olduğu kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausu qəbul edib. Aparılan danışıqlar zamanı diqqət çəkən əsas məqamlardan biri də o olub ki, Azərbaycan dövləti Yaxın Şərq regionundakı vəziyyətin getdikcə daha dramatik xarakter alması ilə bağlı narahatlığını ifadə edib və eyni zamanda ölkəmiz sülh və sabitliyə töhfə vermək niyyətini bəyan edib".
E. Nəsirov Azərbaycanın sülhə necə töhfə verə biləcəyindən bəhs edib: "Təbii ki, sual yaranır: Azərbaycan bu sülhə hansı töhfəni verə bilər? Əvvəla, bu, Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətindən irəli gəlir. Azərbaycan sülhpərvər dövlətdir. Eyni zamanda, Azərbaycanın xarici siyasətində Yaxın Şərq regionu son dövrlərdə xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Necə ki, Avropa və Mərkəzi Asiya ilə əlaqələr bu gün xarici siyasətin əsas istiqamətlərindən birini təşkil edir, Yaxın Şərq regionunu da bu istiqamətə daxil etmək mümkündür. Avqust ayının 2-də Türkiyə vasitəsilə Azərbaycan qazının Suriyaya çatdırılması da göstərir ki, Azərbaycanın bu regionla əlaqələri inkişaf tempinə malikdir, geniş potensial da mövcuddur. Gələcəkdə Azərbaycan qazının Suriya vasitəsilə Misirə qədər çatdırılması da planlaşdırılır. Bu baxımdan, Azərbaycanın Suriya ilə əlaqələri dinamik inkişafa malikdir".
Deputat son olaraq qeyd edib ki, Azərbaycanla İsrail arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur: “Hazırda Suriya–İsrail münasibətlərində gərginlik davam etsə də, Azərbaycanın hər iki dövlətlə mövcud olan yaxşı münasibətləri ona bu iki ölkə arasında vasitəçilik və sülh təşəbbüsləri ilə çıxış etmək imkanı yaradır. Bu isə Azərbaycanın bölgədə sabitliyə real töhfə verə biləcək nadir aktorlardan biri olduğunu göstərir".
Ayhan
10:25 03.08.2025
Oxunuş sayı: 2410