Xamneyinin ölümündən sonra bu şəxslər İranda Öz təsirini artırıb
İranın ali rəhbəri Ayətullah Əli Xamneyinin öldürülməsindən sonra ölkənin siyasi və hərbi sistemində Yahya Rəhim Səfəvi və Əhməd Vahidinin təsir imkanlarının əhəmiyyətli dərəcədə artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail mediası kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, hər iki şəxs həm hərbi, həm də mülki sektorda qərarların qəbuluna təsir imkanları əldə edib.
ABŞ kəşfiyyatının qiymətləndirmələrinə əsasən, Səfəvi və Vahidi ABŞ-lə danışıqlara prinsipial şəkildə qarşı çıxmırlar. Bildirilir ki, Vahidi İran Prezidenti Məsud Pezeşkianın Vaşinqtonla dialoq qurmaq cəhdlərini dəstəkləyib. Səfəvi isə sistem daxilində Pezeşkianın əsas dəstəkçilərindən biri hesab olunur və radikal qanadın prezidentə qarşı təzyiqlərinin qarşısını almağa çalışır.
Bununla belə, məlumata görə, hər iki şəxs Pezeşkianın mövcud siyasi kursdan kənara çıxmasına imkan verməməyə çalışır.
İsrail kəşfiyyatının qiymətləndirmələrində İranda bu şəxslərdən daha radikal mövqedə olan qüvvələrin mövcudluğuna da diqqət çəkilir. Həmin qanadın əsas təmsilçilərindən biri sabiq nüvə danışıqları üzrə nümayəndə və son prezident seçkilərinin namizədi Səid Cəlili hesab olunur.
13:20 11.10.2026
Oxunuş sayı: 57