Azərbaycanın güclü diplomatiyası və Mərkəzi Asiya ilə yeni əməkdaşlıq mərhələsi
Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü regionda formalaşan yeni siyasi və iqtisadi münasibətlər baxımından diqqətçəkən hadisə oldu. Prezident İlham Əliyevin görüşdəki çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrə verdiyi önəmi və bu münasibətlərin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ifadə etdi.
Görüşün əsas siyasi məqamlarından biri Azərbaycanın artıq bu formatda tamhüquqlu iştirakçı kimi təmsil olunmasıdır. Bunu yalnız protokol xarakterli yenilik kimi qiymətləndirmək düzgün olmazdı. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin son illərdə genişlənməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və ölkəmizin regional proseslərdə artan rolu bu qərarın siyasi əsasını formalaşdırır. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın formata qoşulmasının yekdilliklə dəstəklənməsini xüsusi vurğulaması da təsadüfi deyildi.
Azərbaycanı Mərkəzi Asiya dövlətləri ilə birləşdirən amillər yalnız siyasi və iqtisadi maraqlardan ibarət deyil. Bu münasibətlərin mühüm dayaqlarından biri xalqlarımız arasında tarixi, mədəni və mənəvi yaxınlıqdır. Azad edilmiş ərazilərin bərpasında qardaş ölkələrin iştirakı bu bağlılığın ən aydın nümunələrindəndir. Türkmənistanın Füzulidə məscid inşa etməsi, Özbəkistanın Füzulidə məktəb, Qazaxıstanın Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda məktəb tikməsi həmrəyliyin konkret ifadəsidir.
Mərkəzi Asiya ilə münasibətlərin bugünkü səviyyəsi Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl və balanslı xarici siyasətin nəticələrindən biri kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin siyasi kursunda milli maraqların qorunması ilə etibarlı tərəfdaşlıq münasibətlərinin qurulması bir-birini tamamlayır. Bu yanaşma Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə sabit əlaqələr yaratmasına, eyni zamanda regionda mövqeyini gücləndirməsinə imkan verib.
Əlaqələrin iqtisadi göstəriciləri də bu dinamikanı təsdiqləyir. Dövlət başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artdığını, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərdiyini bildirdi. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılan birgə investisiya fondları isə münasibətlərin ticarətlə məhdudlaşmadığını, artıq birgə sərmayə və istehsal layihələrinə doğru genişləndiyini göstərir.
Nəqliyyat bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir. Azərbaycanın coğrafi mövqeyi Mərkəzi Asiya dövlətlərinin Xəzər vasitəsilə Qərb bazarlarına çıxışı baxımından xüsusi əhəmiyyət daşıyır. Bakı limanı, dəmir və avtomobil yolları, digər logistika imkanları bu əlaqələrin infrastruktur bazasını formalaşdırır. Prezident İlham Əliyevin Orta Dəhlizə və “Rəqəmsal İpək Yolu” layihəsinə xüsusi diqqət ayırması da bu baxımdan mühüm mesajdır. Orta Dəhliz artıq yalnız nəqliyyat marşrutu deyil, Azərbaycanla Mərkəzi Asiyanı uzunmüddətli iqtisadi maraqlarla birləşdirən strateji xəttə çevrilir.
Energetika sahəsində də oxşar mənzərə müşahidə olunur. Türkmənistan və Qazaxıstan enerji resurslarının Azərbaycan üzərindən nəqli, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi istiqamətində aparılan işlər ölkəmizin regional enerji əlaqələrində rolunu daha da artırır. Azərbaycan burada təkcə tranzit imkanları təqdim edən ölkə deyil, eyni zamanda yeni regional layihələrin formalaşmasında fəal iştirak edən tərəfdir.
Mərkəzi Asiya liderlərinin görüş zamanı səsləndirdiyi fikirlər də Azərbaycana olan yüksək etimadı nümayiş etdirdi. Türkmənistan Azərbaycanla qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə hazır olduğunu bildirdi, Qazaxıstan ölkəmizin regional rolunu xüsusi qeyd etdi, Özbəkistan və Qırğızıstan isə Azərbaycanın gələcək sədrliyinə dəstək ifadə etdilər.
Bu yanaşmalar göstərir ki, Azərbaycan Mərkəzi Asiya üçün artıq sadəcə ikitərəfli münasibətlər qurulan tərəfdaş deyil. Ölkəmiz regionun siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin mühüm iştirakçılarından birinə çevrilir.
Prezident İlham Əliyevin çıxışının sonunda sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyə xüsusi yer ayırması da görüşün əsas mesajlarından biri idi. Çünki böyük nəqliyyat və enerji layihələrinin, investisiya əməkdaşlığının davamlılığı ilk növbədə sabit siyasi mühitdən asılıdır.
Azərbaycanla Mərkəzi Asiya arasındakı münasibətlərin üstünlüyü də məhz müxtəlif, siyasi etimad, iqtisadi maraqlar və xalqlar arasında tarixi-mənəvi yaxınlıqamillərinin bir-birini tamamlamasındadır: Bu üç istiqamətin paralel inkişafı münasibətləri formal diplomatik çərçivədən çıxararaq daha dayanıqlı tərəfdaşlığa çevirir.
Türkmənbaşı görüşü bir daha göstərdi ki, Azərbaycan–Mərkəzi Asiya münasibətləri yeni mərhələyə qədəm qoyur. Yüksək səviyyəli səfərlərin intensivləşməsi, birgə layihələrin genişlənməsi, azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyi və regional məsələlər üzrə yaxın mövqelər əlaqələrin ardıcıl inkişafından xəbər verir. Azərbaycanın qarşılıqlı etimada, ortaq maraqlara və balanslı siyasi yanaşmaya əsaslanan xətti bu əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.

Aytən Qurbanova
YAP Yasamal rayon “H.B. Zərdabi pr. 61” (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi
12:10 11.10.2026
Oxunuş sayı: 52