"Rusiya Azərbaycana təzyiqi artırmağa çalışır, amma..." - Deputat

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun İvan Ayvazovskinin büstünün sökülməsi ilə bağlı açıqlamasına və TASS agentliyinin Xankəndini “Stepanakert” adlandırmasına münasibət bildirib. Nazirlik bildirib ki, bu cür yanaşmalar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir. Qeyd olunub ki, büst qanunsuz olaraq yerləşdirilmişdi və onun sökülməsi tam qanuni addımdır. Həmçinin, TASS-dan üzr istənilməsi və düzəliş gözlənilir, əks halda agentliyin ölkədəki fəaliyyətinə qarşı tədbirlər istisna olunmur.
Rusiya tərəfinin Xankəndini “Stepanakert” adlandırması və bu məsələ ilə bağlı sərgilədiyi mövqe qeyri-dost yanaşmadır və regionda gərginliyi artırmaqdan başqa bir şey deyil. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz suverenliyini təmin edir və bu cür açıqlamalara sərt reaksiya verməsi tam haqlıdır. Qarşılıqlı hörmət prinsiplərinə əməl olunmadığı təqdirdə, münasibətlərdə soyuqluq qaçılmazdır.
Rəsmi Bakının mövqeyi barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlama verib.
Deputat Xankəndinin “Stepanakert” adlandırılmasının qəbuledilməz olduğunu bildirib: “Hesab edirəm ki, XİN bu məsələ ilə bağlı geniş bəyanat verib, məsələyə tam aydınlıq gətirib. Rusiyanın bu addımı atmaqda məqsədi Azərbaycana qarşı təzyiqi artırmaq və öz istədiklərinə nail olmaqdır. Amma bu, mümkün deyil. Bunu Rusiya anlamalıdır. Ümumiyyətlə, Xankəndinin “Stepanakert” adlandırılması da qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyünə ziddir. Rusiya tərəfi bu cür məsələlərə son qoymalıdır. Əgər davam edərsə, Azərbaycan da eyni mövqeyi, eyni yanaşmanı Rusiyada yerləşən ərazilərlə, bölgə adları ilə bağlı həyata keçirəcək. Və Azərbaycan haqlı olaraq üzrxahlıq tələb edir. Əgər üzr istənilməzsə, Bakı digər addımları da atacaq. Eyni zamanda, Azərbaycan münasibətlərin pisləşməsində maraqlı deyil. Əksinə, istərdik ki, ölkələrimiz arasında əlaqələr inkişaf etsin. Lakin hazırkı proseslər göstərir ki, Rusiya tərəfi münasibətlərin gərginləşməsində maraqlıdır".
Onun sözlərinə görə, şimal qonşumuzun bu addımları atmaqda əsas hədəfləri bölgəmizdə vəziyyəti mürəkkəbləşdirməkdir: "Rusiya anlamalıdır ki, belə davranışlar münasibətlərə xələl gətirir. Rusiya bununla heç bir məqsədinə nail ola bilməz. Gələcəyə doğru münasibətlərin gərginləşməsi müəyyən suallar yaradacaq, münasibətlərdə soyuqluqlar hiss olunacaq. Yaxşı olar ki, Rusiya bu cür təxribatlara son qoysun, belə açıqlamalara diqqət etsin. Və Azərbaycan da məqsəd və hədəflərinə nail olmasına öz münasibətlərinin qurulması baxımından təkan versin. Əks halda, bu yanaşmalar yalnız münasibətləri pozur və bölgədə gərginliyi dərinləşdirir”.
Nicat Rüstəmzadə
13:02 02.08.2025
Oxunuş sayı: 1069