Həmişə aydın olan suyun bəzən aydın olmayan sonu - ARAŞDIRMA

İl ərzində yüzlərlə insan suda boğularaq həyatını itirir. Yay aylarında isə bu hal daha da artır. Havaların isti keçməsini nəzərə alsaq insanların dənizə axını çoxalmış olur və insanlar sərinləmək üçün dənizə, çaya, göllərə üz tutur. Təəssüf ki, bəzən bu istirahət heç də xoş sonluqla başa çatmır. Son zamanlarda isə xüsusən suda boğulma halları artmaqdadır. Demək olar, hər gün müxtəlif regionlardan kanalda, göldə boğulma ilə bağlı məlumatlar daxil olur. Bu, o, deməkdir ki, SOS -un vaxtıdır.
Məsələ ilə bağlı açıqlama verən Müstəqil Həmkarlar Birliyinin sədr müavini, sosioloq Əhməd Rəhmanov Crossmedia.az-a açıqlamasında bu cür problemlərin yaşanmasında əsas səbəb kimi çimərliklərin az olmasını qeyd edib:
“Əvvəla, bu gün Azərbaycanda çimmək üçün yerlər məhduddur. Çimmək üçün olan yerlərə çəpər çəkilir. Beləliklə, əlverişli yerlər azalır. Bir çox ərazidə daşlıqdan ibarət olması, yaxuddayaz olub anidən dərinləşməsi insanları aldadır. Hər nə qədər FHN əməkdaşları təhlükəsizlik tədbirləri həyata keçirsə də, əlbəttə, qeyd etdiyim amillər qaçılmazdır. Burada əsas faktor isə insan amilidir. İnsanlar gərək öz təhlükəsizliyini düşünsün. Bir insan, normal düşüncədə olan şəxs anlamalıdır ki, axşam dənizə girmək, dərində üzmək, küləkli havada suya daxil olmaq təhlükəlidir. Bir insan əgər bunu düşünmürsə, müvafiq qurumlar da nə isə edə bilməz.
Təhlükəsizlik üzrə ekspert Orxan Musayev isə baş verən faciələrin əsas səbəbinin insan amili ilə bağlı olduğunu qeyd edib: “Bu cür bədbəxt hadisələrin xeyli hissəsi insan amili ilə bağlıdır.
“Çimərlikdə baş verən böyük əksəriyyəti insan amilindən qaynaqlanır. Ümumiyyətlə, insanlar öz səhvləri ucbatından qurban gedirlər. Nəzərə almalıyıq ki, dəniz istirahəti insanları özünə cəlb edən bir istirahətidir, amma bəzən acı sonluqla tamamlandıqda bu artıq heç də xoş olmur. Bəzən insanlar dənizdə istirahət edərkən dənizin təhlükəli tərəfini unudurlar. Buna misal olaraq biz dənizdə vətəndaşların spirtli içki qəbul etməsi, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazidə çimmək təəssüflər olsun ki, bu gündə mövcuddur”.
Ekspert həmçinin insanların qanuni ərazidə, FHN xilasediciləri olan yerdə çimməkləri və öz istirahətlərini təşkil etmələrini əsaas təhlükəsizlik tədbiri olduğunu qeyd edib.
“İnsanlar yalnız nəzarət olun və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki orda xüsusi xilasedici xidməti mövcuddur və hansısa hal baş verərsə, çevik şəkildə müraciət etmək imkanları var. Nəzərə almalıyıq ki, nəzarət tədbirləri həyata keçirilən çimərliklərdə təhlükəsizlik məqsədilə suyun çimməyə uyğun olan səviyyəsi müəyyən edilib və həmçinin insanlara zərər verə biləcək daş, qayalar təmizlənib. Bu da insanlar üçün olan təhlükə səviyyəsini minimuma endirir. Xüsusən də çimən zaman biz hava şəraitini maksimum nəzərə almalıyıq və məlumatverici nişanlara uyğun hərəkət etməliyik”.
Ekspert bu cür mənfi halların qarşını almaq üçün aidiyyatı qurumlar tərəfindən inzibati tədbirlərin görülməli olduğunu qeyd edib.
“İnsanların təhlükəsizliyi və cəmiyyətə örnək naminə hər hansısa təhlükəsizlik qaydalarını pozan şəxslərə qanunauyğunn inzibati tədbirlərin görülməsi məqəsədəuyğundur. Bu həm insanların təhlükəsizliyi, həm də baş verə biləcək halların minimuma endirilməsi üçün olmalıdır”.
Həmçinin məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və sularda Xilasetmə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytnantı Akşin Əlili isə FHN-in vətəndaşların təhlükəsizliyi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirildiyini qeyd edib.
“Təhlükəsizlik məqsədilə Fövqəladə Hallar Nazirliyi zəruri tədbirlər görür və görməkdədir. Belə ki, maya ayından etibarən Kiçikhəcimli Gəmilərə Nəzarət və sularda Xilasetmə Xidməti və yerli icra nümayəndələri ilə birlikdə sahil boyu ərazilərdə monitorinqlər keçirilir və çimməyə yararsız ərazilər müəyyən edilir. Həmçinin ərazilər üzrə şəxsi heyət bölgüsü həyata keçirilir. Xüsusəndə özəl çimərlik sahibkarları ilə profilaktik söhbətlər aparılır. Həmçinin İDEA İctimai Birliyi və özəl çimərliklərdə qurumun xüsusi texniki heyətinin vasitəsilə sularda çimmək üçün əlverişli ərazilər müəyyən olunaraq qeyd olunur”.
Həmçinin qurum rəsmisi insanları maarifləndirmək məqsədilə ictimai nəqiliyyatda avtobuslarda, qatarlarda maarifləndirici videolar və təlimat qaydalarının göstərildiyini qeyd edib.
“Təhlükəsizlik və insanları maarifləndirmək məqsədilə ictimai nəqiliyyatda, metro qatarlarında işlər görülməkdədir. Son zamanlar insanlar çimərlik olmayan süni sularda, göllərdə çimməyləri və batma hallarına rast gəlirik. Çimmək qadağan olunmuş ərazilərə girmək yolverilməzdir. Əlavə olaraq vətəndaşlardan istəyimiz təlimatlara uyğun olaraq hərəkət etmək və çimən zaman mövcud hava şəraitini həmçinin təlimat nişanlarına əməl etməyləridir”.
Sonda isə qurum rəsmisi əhaliyə çağırış edib: “Vətəndaşlardan istəyimiz baş verən hadisə zamanı əməkdaşları düzgün məlumatlandırmaqdır. Çünki bəzən insanlar baş verən hadisə zamanı bizlərə yer barəsində səhv məlumat verir və çaşqınlıq yaranır. Nəticədə ölüm faktı ilə qarşı- qarşıya gəlirik. Buna görə də vətəndaşlarımıza vurğulamaq istərdik ki qaydalara biganəliyin həyatımıza təhlükəli olduğunu və təhlükə olarsa 112-yə məlumat verməkləri məqsədəuyğundur.
Məsələ ilə bağlı sonda Dövlət Statististika Komitəsindən suda boğulma hadisələri ilə bağlı statistikanı öyrənmək istədik. Lakin bizə bildirdilər ki, onlarda belə bir statistika yoxdur.
Hər halda “görünən dağa bələdçi lazım deyil”. Neçə insanın il, ay ərzində suda boğulmasından asılı olmayaraq, diqqətli olmaq hər birimizin borcudur.
Elmir Heydərli
20:22 01.08.2025
Oxunuş sayı: 4544