İki supergüc arasında mühüm saziş imzalandı: “ABŞ-Çin münasibətlərindəki sabitlik uzunömürlü olmayacaq”

Dünya iqtisadiyyatı və Azərbaycan
ABŞ Prezidenti Donald Tramp iyunun 25-də Çinlə yeni ticarət razılaşması imzalandığını açıqlayıb. O, bu sazişin ABŞ istehsalçıları üçün Çin bazarını açacağını bildirib. Tramp yaxın vaxtlarda Hindistanla da oxşar sövdələşmənin mümkün olduğunu vurğulayıb. Prezident bəzi ölkələrlə razılaşma əvəzinə onlara yüksək rüsumlarla bağlı məktublar göndəriləcəyini deyib.
ABŞ iyunun 25-də Çin ilə yeni ticarət razılaşması imzalayıb və tezliklə Hindistanla da bənzər bir sövdələşmə bağlamağa ümid edir.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Biz yalnız dünən Çin ilə ticarət razılaşması imzaladıq, doğrudur? İndicə Çin ilə imzaladıq”, - o, Ağ evdə büdcə və vergi sahəsindəki planlarına həsr olunmuş tədbirdə çıxışı zamanı söyləyib. “Bizim qarşıda gözəl sövdələşmələrimiz var. Qarşıda Hindistanla sövdələşmə ola bilər. Çox böyük. Biz Amerika biznesi üçün Hindistanı açacağıq. Çin sövdələşməsində biz ABŞ istehsalçıları üçün Çini açmağa başlayırıq”, - Prezident söyləyib. O, təfərrüatları açıqlamayıb.
“Biz bütün ölkələrlə sövdələşmələr bağlamayacağıq. Bəzi dövlətlərə biz sadəcə məktublar göndərəcəyik, onları 25 %, 35 %, 45 % ödəyəcəkləri barədə məlumatlandıraraq”, - Ağ Ev rəhbəri əlavə edib.
Sözügedən sazişin əhəmiyyəti və dünya iqtisadiyyatına təsirləri barədə Crossmedia.az-a danışan Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev, Trampın son dövrlərdə həyata keçirdiyi daxili və xarici siyasətinin tənqidindən danışıb: “Onun son altı ayda həyata keçirdiyi daxili, xarici və beynəlxalq siyasət cəmiyyətdə kifayət qədər suallar doğurur. Dövlət başçısının fəaliyyəti təkcə Demokrat Partiyasının üzvləri tərəfindən deyil, həmçinin öz partiyasındakı bir sıra aparıcı şəxslər tərəfindən də qəbul olunmur və ya ciddi şəkildə tənqid olunur. Trampın siyasi davranışı və sosial şəbəkələrdə gündə bir neçə dəfə dəyişən fikirləri, həm ABŞ daxilində, həm də beynəlxalq münasibətlərdə qeyri-sabitlik yaradır. Halbuki, siyasətdə və iqtisadiyyatda əsas prinsip stabillik və dayanıqlılıq olmalıdır, xüsusilə də beynəlxalq ticarət sahəsində. Çünki belə böyük dövlətin lideri tərəfindən verilən hər bir bəyanat dünya birjalarında çaxnaşma yarada, səhmlərin qiymətini artıra və ya azalda bilər".
Onun fikrincə, ABŞ-Çin münasibətləri də bu qeyri-sabitliyin bariz nümunəsidir:
"ABŞ-Çin münasibətləri də bu qeyri-sabitliyin bariz nümunəsidir. ABŞ-nin Tayvana verdiyi siyasi və iqtisadi dəstək Çin tərəfindən ciddi narahatlıqla qarşılanır. Rəsmi Vaşinqtonun Tayvana 100 milyonlarla dollar dəyərində texnologiya və maliyyə dəstəyi göstərməsi münasibətləri daha da gərginləşdirir. Ola bilər ki, qısa müddətli sabitlik əldə olunsun, lakin bu sabitliyin uzunömürlü olacağı inandırıcı görünmür. Bu münasibətlərin arxasında təkcə dövlətlərin rəsmi mövqeləri deyil, həm də qlobal miqyasda təsirə malik olan böyük iqtisadi güclər dayanır".
R.Quliyev daha sonra dünyada varlı təbəqənin artan iqtisadi gücü, onların siyasi proseslərə təsiri və bu təsirin qlobal nəticələri haqqında danışıb:
"Son illərin statistikasına baxdıqda, varlı təbəqənin imkanlarının kəskin artdığı müşahidə olunur. Belə ki, 2015-ci ildən bu günə qədər dünyanın ən varlı insanlarının sərvəti 34 trilyon dollar artıb. Bu artım əsasən dünya əhalisinin cəmi 1%-i, daha dəqiq desək 0,001%-i arasında cəmlənib. Bu kiçik təbəqə dünya ümumi daxili məhsulunun və mülkiyyətin yarıdan çoxuna sahibdir. Belə olan halda, iqtisadi və siyasi qərarların bu qrupun maraqları əsasında tənzimləndiyi qənaəti formalaşır. ABŞ-də prezidentlərin fəaliyyətinə təsir edən, hətta seçkilərə müdaxilə edən bu qapalı dairələrin Trampın siyasətindən razı qalacağı təqdirdə müəyyən sazişlər qüvvədə qala bilər. Əks halda, ticarət müharibələri və siyasi gərginliklər yenidən alovlana bilər. Qlobal iqtisadi sistemdə ən böyük təhlükə isə dünya üzrə artan borclardır. Hazırda dünya borcunun ümumi daxili məhsula nisbəti 115-120%-ə çatıb və bu rəqəm hər il artır. Bu, iqtisadi geriləməyə, templərin aşağı düşməsinə və inflyasiyanın artmasına səbəb olur. Nəticədə, əsas zərəri yenə də orta və aşağı təbəqə görür. Bu gün dünya əhalisinin 99,9%-ni təşkil edən bu təbəqələr varlıların daha da varlanması fonunda ciddi itkilərlə üzləşirlər. Halbuki Qərb ölkələrində orta sinif hər zaman iqtisadiyyatın və siyasətin bel sütunu olub. Bu təbəqənin zəifləməsi gələcəkdə həm iqtisadi, həm də ictimai sabitlik üçün ciddi təhlükə yarada bilər".
Fatimə Nəbiyeva
20:26 27.06.2025
Oxunuş sayı: 1419