Çinin "ürəyi" hədəfdə: ABŞ ilə müharibə başlayacaq?
Çin Tayvanın şərqindəki akvatoriyada xüsusi dəniz əməliyyatına başladığını elan edib. Məlumata görə, bu tədbirlər Yaponiya və Filippin arasında qeyd olunan regionda dəniz sərhədləri ilə bağlı məsləhətləşmələrin başlamasına reaksiya olub.
"Çinin Nəqliyyat Nazirliyi Tayvan adasının şərqindəki sularda dəniz gəmiçiliyi qaydalarına əməl olunmasını təmin etmək üzrə xüsusi əməliyyatın keçirilməsini təşkil edib... Bu, Yaponiya və Filippinin "dəniz sərhədinin delimitasiyası üzrə danışıqların" başlanması haqqında birtərəfli bəyanatına cavab olaraq atılan zəruri addımdır", - rəsmi bəyanatda qeyd edilib.
Sənəddə bildirilib ki, iki ölkə arasındakı sözügedən danışıqlar Çinin ərazi suverenliyinin, eləcə də dəniz hüquqları və maraqlarının pozulmasıdır.
Çinlə Tayvan ətrafındakı gərginlik son illərdə Asiya-Sakit okean regionunda təhlükəsizlik baxımından ən həssas mövzulardan biri hesab olunur. Pekin Tayvanı öz ərazisinin bir hissəsi saydığı halda, adanın ətrafında aparılan hərbi və dəniz fəaliyyətlərini də suverenlik məsələsi kimi qiymətləndirir. Bu fonda Çinin Tayvanın şərqində xüsusi dəniz əməliyyatına başlaması və bunu Yaponiya ilə Filippin arasında dəniz sərhədlərinin delimitasiyası üzrə məsləhətləşmələrə cavab kimi təqdim etməsi regionda yeni geosiyasi müzakirələrə səbəb olub.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Çin xarici siyasətində Tayvan məsələsi artıq danışıqlar masasından çıxarılıb və Pekin problemi hərbi yolla həll variantına üstünlük verməyə başlayıb.
Ekspertin sözlərinə görə, Pekin üçün Tayvan yalnız ərazi məsələsi deyil, milli təhlükəsizliyin mərkəzi komponentidir: “Tayvan Çinin düz ürəyinin üstündə yerləşən, Amerika tərəfindən himayə olunan anti-Çin məkandır. Bu, Pekin üçün ən həssas nöqtədir, yumşaq qarnıdır. Çin buna razı qala bilməz. Çünki Çin çıxılmaz vəziyyətə düşür. Başqa həll variantı tapılmadığından proses hərbi həll istiqamətində inkişaf edir”.
Politoloq hesab edir ki, hazırda Çinin Tayvan ətrafında artan hərbi aktivliyi dərhal adanı ələ keçirmək məqsədi daşımır: “Proseslər göstərir ki, bu, o qədər də bəsit qərar deyil və ola da bilməz. İndi görünən odur ki, Pekin hərbi addımları daha çox qarşı tərəfin gücünü, silahlanma səviyyəsini və müdafiə qabiliyyətini yoxlamaq üçün istifadə edir. Yəni bu, əsasən inandırıcılıq və çəkindirmə siyasətidir”.
Müsahibimiz vurğulayıb ki, Çinin 2030-cu illər üçün strateji hədəfləri arasında Tayvanın ana torpaqla birləşdirilməsi prioritet yerdə durur: “Çinin 30-cu illər üçün hədəfi bəllidir – Tayvanı birləşdirmək. Mövcud gedişatla bu proses qaçılmaz görünür. Sual yalnız zaman və metod məsələsindədir: Pekin bunu nə dərəcədə sürətlə və hansı formada həyata keçirəcək”.
Nigar Xəlilli
17:31 08.06.2026
Oxunuş sayı: 73