Yekaterinburqda azərbaycanlı tələbələr arasında “Konstitusiya və Suverenlik ili”nə həsr olunan viktorina keçirilib



“Konstitusiya və Suverenlik ili” çərçivəsində Yekaterinburq şəhərində Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun təşkilatçılığı, “Azərbaycan–Ural” İctimai Milli-Mədəni Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin dəstəyi ilə azərbaycanlı tələbələr arasında peşəkar əsasda viktorina təşkil olunub.
Crossmedia.az xəbər verir ki, Yekaterinburq Kitabxana Mərkəzində keçirilən viktorinanın açılışında baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və RAGB-nin Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə çıxış edərək “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş intellektual yarışın əhəmiyyətini vurğulayıblar.
Peşəkar formatda tərtib edilən yarış üç raund və duel mərhələsindən ibarət olub. Yekunda komandaların topladığı xallar əsasında qaliblər müəyyən edilib. Birinci yeri “Zəfər” komandası, ikinci yeri “Nar” komandası, üçüncü yeri isə “Xraniteli Oqnya” komandası tutub.
Qaliblərə Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən müxtəlif məbləğlərdə pul mükafatları, diplomlar və hədiyyələr təqdim olunub. Turnirdə iştirak edən digər komanda üzvlərinə isə təşəkkürnamələr verilib.(azərtac)
19:51 24.05.2025
Oxunuş sayı: 712