Anar İsgəndərov: 23 il əvvəl İlham Əliyevə verilən səs Azərbaycanın gələcək inkişafının təməli oldu
2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkiləri ölkənin siyasi tarixində mühüm hadisələrdən biri olub. Həmin seçkidə İlham Əliyev səslərin 76,84 faizini qazanaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O vaxta qədər Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Azərbaycanın Baş naziri vəzifələrində çalışmış İlham Əliyev prezident seçkilərinə geniş siyasi və idarəçilik təcrübəsi ilə qatılıb. 2003-cü il oktyabrın 31-də and içərək vəzifəsinin icrasına başlayan İlham Əliyev sonrakı illərdə 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində də qalib elan olunub.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Crossmedia.az-a açıqlamasında Heydər Əliyevin siyasi irsinin davam etdirilməsindən, Qarabağın işğaldan azad olunmasından və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsindən danışıb.
Deputatın sözlərinə görə, Heydər Əliyev 2003-cü ildə Azərbaycan kursantlarına müraciətində işğal altında olan torpaqların azad edilməsi vəzifəsini xüsusi vurğulayıb: “2003-cü ilin aprelində Ümummilli Lider Heydər Əliyev bu gün öz adını daşıyan sarayda Azərbaycan kursantına müraciət etdi. O, kursanta işğal altında olan torpaqları azad etməli olduğunu bildirdi. Heydər Əliyev öz sözünü dedi və Azərbaycanın gələcək qələbəsinə gedən yolun əsas istiqamətini göstərdi”.
Komitə sədri xatırladıb ki, Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində İlham Əliyevə olan etimadını ifadə edib: “Heydər Əliyev həmin müraciətində İlham Əliyevə özünə inandığı qədər inandığını bildirmişdi. Azərbaycan xalqı da Ümummilli Liderin bu çağırışına etimad göstərərək İlham Əliyevə səs verdi. İlham Əliyev isə Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirdi”.
Anar İsgəndərovun fikrincə, Azərbaycanın ərazi bütövlüyünün bərpasında 2020-ci ildə baş verən Vətən müharibəsi həlledici mərhələ olub: “Dünya dövlətlərinin Qarabağ məsələsində mövqeləri bir daha aydınlaşdı. BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun müddət icra olunmamış qaldı, nüfuzlu dövlətlərin ikili siyasəti isə problemin həllinə deyil, onun dondurulmasına xidmət edirdi. Lakin İlham Əliyevin Ali Baş Komandan kimi həyata keçirdiyi siyasət Azərbaycan xalqını qalib xalqa çevirdi. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində tarixi nəticələr yaradıb. Azərbaycan işğal altında olan torpaqlarını azad etdi, Qarabağ münaqişəsinin həlli istiqamətində həlledici addımlar atdı. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlərdən sonra Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində bərpa olundu və üçrəngli bayrağımız hər yerdə dalğalanmağa başladı. Bu mübarizənin qəhrəmanları Ali Baş Komandan, Azərbaycan xalqı, onun rəhbərliyi altında döyüşən əsgər və zabitlərdir”.
Komitə sədri hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin davam etdirildiyini, Azərbaycanın beynəlxalq əlaqələrinin də genişləndiyini qeyd edib: “Azərbaycan 2020-ci ildən sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri aparır. Bu proses gecə-gündüz davam edir. Azərbaycana dost olan dövlətlərin sayı artır. Vaxtilə Avropanın bəzi dövlətləri Azərbaycana yuxarıdan aşağı baxırdılarsa, bu gün ölkəmizin beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu gün Avropanın 16 dövləti Azərbaycanın enerji resurslarına ehtiyac duyur. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın və dövlət başçısının müstəsna xidmətləri var. Bütün bunlar ölkəmizin beynəlxalq siyasətdə mövqeyinin gücləndiyini göstərir”.
Anar İsgəndərov sonda 2003-cü ildə İlham Əliyevin prezident seçilməsini Azərbaycanın gələcək inkişafı baxımından mühüm siyasi qərar kimi qiymətləndirib: “Bütün bunlar onu göstərir ki, 23 il əvvəl Azərbaycan xalqının İlham Əliyevə səs verməsi və onun prezident seçilməsi ölkəmizin xoşbəxt gələcəyi üçün zəmanətdir. Azərbaycan bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Dövlət başçısı ölkəmizin uğurlu siyasətini davam etdirmək və dünya siyasətindəki yerini möhkəmləndirmək üçün əlindən gələni edir”.
Nigar Xəlilli
15:15 15.10.2026
Oxunuş sayı: 55