Beton maneələr, boş piştaxtalar, cavabsız suallar: Dərnəgül bazarında nə baş verir?
Dərnəgül bazarında sahibkarlar qeyri-müəyyənlik içindədir.
Onlara bazarı tərk etməli olduqları bildirilir. Sahibkarların sözlərinə görə,
bazara gəlib onlara buradan çıxmalı olduqlarını deyirlər və rəsmi olmayan
bildiriş paylanılıb. Lakin bu tələbin hüquqi əsası, köçürülmənin şərtləri və gələcək
fəaliyyətləri ilə bağlı aydın məlumat verilməyib. Başqa sözlə, sahibkarlardan
mövcud yerlərini tərk etmək tələb olunur, amma bundan sonrakı taleləri ilə
bağlı qeyri-müəyyənlik aradan qaldırılmır.
Bazarın bəzi hissələrində isə vəziyyət daha da mürəkkəbdir.
Yollar daş yığınları və beton maneələrlə bağlanıb. Nəticədə həmin ərazilərdə hərəkət
məhdudlaşır, alıcıların gediş-gəlişi çətinləşir. Sürücülərdən biri də yolun əvvəlcədən
xəbərdarlıq edilmədən bağlandığını bildirir.
Ortaya haqlı suallar çıxır: Bu yollar hansı qərarla
bağlanıb? Məqsəd nədir? Əgər ərazinin boşaldılması və sahibkarların köçürülməsi
nəzərdə tutulursa, niyə bu prosesin qaydaları əvvəlcədən aydın şəkildə izah
edilmir?
Ən diqqətçəkən məqamlardan biri də budur ki, bazarın bəzi
hissələri fəaliyyətini davam etdirir, digər hissələrində isə ticarət faktiki
olaraq iflic vəziyyətinə düşüb. Bağlanan ərazilərdə alıcı görünmür. Həsrətlə
müştəri gözləyən sahibkarlar isə günün böyük hissəsini boş piştaxtaların
arxasında keçirirlər. Ticarət üçün nəzərdə tutulan ərazi alıcısız qalır,
sahibkarın qazancı isə sual altında olur.
Mikrofonumuza danışmaq istəməyən bir neçə sahibkar isə
onlara üstüörtülü təzyiqlər göstərildiyini iddia edir. Bu şəxslər açıq
danışmaqdan çəkinsələr də, səsləndirdikləri narahatlıqlar vəziyyətin yalnız
köçürülmə məsələsindən ibarət olmadığını göstərir.
Burada söhbət təkcə bazarın boşaldılmasından getmir. Söhbət
illərlə qurduğu ticarətlə dolanışığını təmin edən insanların gələcəyindən,
onların mülkiyyət və sahibkarlıq maraqlarına münasibətdən gedir. Sahibkarın fəaliyyət
göstərdiyi ərazi bağlanırsa, onun qarşısına sadəcə çıxmaq tələbi qoyulmamalıdır.
Prosesin hüquqi əsası, köçürülmənin şərtləri və alternativ fəaliyyət imkanları
da aydın olmalıdır.
Qanuni qərar varsa, onun məzmunu açıqlanmalı, sahibkarlara rəsmi
məlumat verilməli, köçürülmənin mexanizmi izah edilməlidir. Əks halda, beton
maneələrlə bağlanan yollar və cavabsız qalan suallar insanlarda təzyiq və məcburetmə
təəssüratı yaradır.
Dərnəgül bazarında hazırda cavab gözləyən təkcə sahibkarlar deyil. Burada baş verənlərin hansı qərara əsaslandığını, yolların niyə bağlandığını və köçürülmənin necə həyata keçiriləcəyini bilmək istəyən hər kəs üçün aydınlıq lazımdır. Çünki sahibkardan bir məkanı tərk etməyi tələb etmək mümkündür, amma onun gələcəyini qeyri-müəyyənlik içində qoymaq problemin həlli deyil.
18:56 15.10.2026
Oxunuş sayı: 169