ADA Universitetində “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib


ADA Universiteti və Qərbi Azərbaycan İcması (QAİ) Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa təşkil olunub.
Dəyirmi masada çıxış edən QAİ sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurdlarında məruz qaldıqları deportasiyalar barədə danışıb, onların geri qayıdışı prosesində gənclərin mühüm rol oynadığını qeyd edib.
O bildirib ki, Qərbi Azərbaycana qayıdış 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra əsas strateji hədəfə çevrilib: "Bu ideya son zamanlar ali məktəblərin auditoriyasına da daşınıb".
Tədbirin moderatoru, Milli Məclisin Gənclər və İdman komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayilov gənclərlə Qərbi Azərbaycan mövzusunda keçirilən görüşlərin silsilə xarakter aldığını, bu müzakirələrin gənclərin sözügedən mövzuda daha geniş məlumat əldə etmələrində mühüm rol oynadığını vurğulayıb.
Daha sonra QAİ İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, Prezidentin Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə “Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri” mövzusunda çıxış edib. Qərbi Azərbaycandan olan şəxsiyyətlərin Azərbaycan tarixində və dövlətçiliyində rolundan bəhs edən natiq həmin ziyalıların keçdiyi işıqlı həyat yolundan ətraflı bəhs edib.
Çıxışlardan sonra Qərbi Azərbaycan Televiziyasının Qərbi Azərbaycan mövzusunda hazırladığı film nümayiş etdirilib.
ADA universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Qərbi Azərbaycan həqiqətlərinin çatdırılmasında universitetlərin rolunu xatırladaraq tələbələrin bu faktların dünyaya çatdırılmasında fəallıq göstərmələrinin vacibliyini önə çəkib.
Tarix elmləri doktoru Güntekin Nəcəfli Azərbaycanın dövlətçilik tarixində İrəvan xanlığının rolu mövzusunda çıxış edərək onun zəngin tarixindən, bölgənin həyatında oynadığı mühüm roldan danışıb.
Tədbirin davamında tələbələrin çoxsaylı sualları cavablandırılıb. (Report.az)
18:22 17.03.2025
Oxunuş sayı: 570