ABŞ və İsrail liderləri görüşür: Netanyahu üçün son şans ola bilər

İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə, fevralın 4-də Ağ
Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Mütəxəssislər bu görüşü Trampla Benyamin Netanyahu arasında bundan sonra baş
verəcək silsilə
görüşlərin başlanğıcı kimi də
qiymətləndirirlər. İndidən proqnozlaşdırmaq mümkündür ki,
birinci prezidentlik müddətində olduğu kimi bu dəfə də Trampın ən çox qəbul edəcəyi xarici dövlət başçısı məhz İsrailin rəhbərləri olacaq.
Çünki ABŞ
ilə İsrail arasında Cozef Bayden administrasiyası zamanından yığılıb qalan
çoxsaylı məsələlər var.
İlk görüş zamanı isə ən ümdə məsələlərin müzakirəsi gözlənilir ki,
bunların başında “HƏMAS”-la əldə olunan atəşkəs razılaşmasıdır. Politoloqlar Netanyahunu Trampın atəşkəs tələbinə razılıq verdiyinə
görə mükafat üçün Vaşinqtona getdiyini də söyləyirlər.
İsraildə
də bu görüşə böyük ümid bəsləyirlər. Çünki onlar Trampın yenidən hakimiyyətə gəlməsi
üçün ciddi mübarizə aparmışdılar. Bayden administrasiyası Yəhudi dövlətini
atdığı hər addıma görə gözümçıxdıya salmışdı. Son iki ildə ABŞ-İsrail münasibətləri
məhz Bayden administrasiyası üzündə ciddi sınaq dövrü yaşamışdı. Baydenin
İsrailə verdiyi bəzi silahlar üzərində sanksiya qoyulması buna misal ola bilər.
Bu embarqolar da məhz Trampın müdaxiləsi sayəsində aradan qaldırıldı. Amma
İsrailin Trampdan gözləntiləri də yetərincə yüksəkdir və burada əsas məsələ
İranla bağlıdır. Netanyahu Trampın ikinci prezidentliyinə İranla qarşıdurmanı
birdəfəlik bitirmək üçün şans kimi baxır. Bu şans ona bir daha verilməyə bilər.
İsrail rəsmiləri
görüşün fevralın 4-də baş tutacağını və bunun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM)
ötən il Qəzza müharibəsi zamanı müharibə cinayətləri ittihamı ilə onun barəsində
həbs qərarı çıxarmasından sonra Netanyahunun ilk xaricə səfəri olacağını
bildirib. Düzdür, ABŞ da İsrail kimi BCM-ni tanımır və Vaşinqton onun tələblərinə
uyğun hərəkət etməyə borclu deyil. Amma ABŞ-nin BCM-i tanımaması onun çıxardığı
qərarlarından imtina edilməsi anlamına da gəlməməlidir. ABŞ-nin BCM-nin qərarına
etinasız yanaşması gələcək üçün presedent yaradacaq və bundan sonra digər dövlətlər
üçün də bu qanunları pozmaq üçün əsas verəcək.
İki liderin Qəzzada
daimi atəşkəs üçün danışıqları, İranın nüvə təhlükəsini və Qəzza müharibəsi nəticəsində
axarından çıxmış çıxmış (və ya ciddi şəkildə
gecikdirilmiş) kimi qəbul edilən İsrail və Səudiyyə Ərəbistanı arasında
normallaşma sazişinin perspektivlərini müzakirə edəcəyi gözlənilir.
Təbii, bu məsələlərin
hamısında Təl- Əviv və Vaşinqton üçün müsbət hesab olunacaq nəticələrə nail
olunması asan olmayacaq. Çünki, Yaxın Şərq təkcə İsraildən ibarət deyil. ABŞ
İsrailə diqqət yetirərkən digər region ölkələrinin maraqlarını da nəzərə
almalıdır.
Almaz Abasova, siyasi analitik
13:03 30.01.2025
Oxunuş sayı: 55863