Rusiya yol ayrıcında: Azərbaycanla dostluq, yoxsa?..
Azərbaycan, Cənubi Qafqazın aparıcı dövləti olaraq, tarixən sülh və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət yürüdüb. Ölkə, müstəqilliyini bərpa etdiyi gündən etibarən beynəlxalq hüquqa hörmət, qarşılıqlı maraqlar və qonşularla mehriban münasibətlərin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atıb. Bununla yanaşı rəsmi Bakı dünya dövlətləri ilə birgə qlobal problemlərin həlli istiqamətində önəmli çalışmalar gerçəkləşdirir. Azərbaycan öz milli maraqlarını beynəlxalq əməkdaşlıqla uzlaşdıraraq, həm regional, həm də qlobal müstəvidə sabitliyin qorunmasında mühüm rol oynayır.
Lakin Azərbaycan qonşuluq münasibətlərinə xüsusi önəm verdiyi halda son dövrlər şimal qonşumuz olan Rusiya Federasiyası tərəfindən ədalətsiz, hətta deyərdik ki, qərəzli münasibətlə qarşılaşır. 25 dekabr 2024-cü ildə Rusiya hava məkanında AZAL-ın Bakı-Mahaçqala istiqamətində uçan təyyarəsinin “Pantsir – S” HHM sistemi tərəfindən vurulması hadisəsi böyük rezonans doğurdu. İçində üç ölkənin vətəndaşlarının da olduğu mülki təyyarənin səhvən vurulması müəyyən qədər başadüşülən olsa da zədələnmiş hava gəmisinin enişinə imkan verilməməsi və bilərəkdən Xəzər dənizinə, ölümə yönəldilməsi, pilotların GPS siqnalının altı dəfə itirildiyini bildirməsinə baxmayaraq, Rusiya tərəfindən heç bir dəstəyin verilməməsi beynəlxalq humanitar hüquqa və aviasiya qaydalarına sığmayan bir hərəkətdir. Hadisəni törədənlər əməllərini gizlətməyə çalışsalar da pilotlarımızın peşəkarlığı onların əməllərini bütün dünyaya ifşa etdi. Dünyada qəbul edilmiş qaydaya görə dövlətlər belə hadisə zamanı səhvini etiraf edir, üzr istəyir və kompensasiya ödəyir. Beynəlxalq hüququ pozmaqda ad çıxarmış, yazılan və yazılmayan qanunları pozmaqla tanınan bir dövlət olan Rusiyanın Azərbaycana qarşı son hadisədə göstərdiyi münasibət nə müttəfiqliyə, nə də qonşluq münasibətlərinə uyğun deyil.
Yanlışlıqla müharibə zonasında Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması
İkinci Qarabağ müharibəsi zamanı (9 noyabr 2020-ci ildə) Rusiyanın Mi-24 hücum helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən yanlışlıqla vurulur. Hadisə Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sərhəddindən bir neçə kilometr aralıda baş verir. Azərbaycanın Xarici İşlər Nazirliyi helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyərək, atəşin səhvən baş verdiyini bildirir və bununla bağlı təzminat təklif edir.
Helikopterinin vurulmasından qısa müddət sonra Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyquya başsağlığı məktubu göndərib. Rusiya Xarici İşlər Nazirliyi də hadisənin məsuliyyətini dərhal öz üzərinə götürən və bütün lazımi tədbirləri görən Azərbaycanı müsbət qiymətləndirdiklərini bildirib.
Yanlışlıqla həlak edilən rus sülhməramlıları
20 sentyabr 2023-cü il tarixində Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən 5 Rusiya sülhməramlısının olduğu avtomobil atıcı silahlardan atəşə tutulmuşdur. Maşında olan hərbçilərin hamısı həlak olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olmuş, söhbət zamanı Əliyev Rusiya sülhməramlılarının ölümü ilə bağlı Putinə başsağlığı vermiş, hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacağını və cavabdehlərin məsuliyyət daşıyacağını bildirmişdir. Azərbaycan Prezidenti həmçinin, həlak olanların ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bəyan etmişdir.
Azərbaycanın Baş prokuroru faktla bağlı cinayət işi açmışdır. Rusiya Müdafiə Nazirliyi məlumatında hadisənin baş verdiyi əraziyə cavabdeh olan Azərbaycanın Ordu Korpusunun komandirinin tutduğu vəzifədən azad edildiyini bildirdi. Məlumatda hadisəni törədən hərbçilərin də saxlanıldığı qeyd edilmişdir.
Azərbaycanın sülhə və beynəlxalq hüquqa əsaslanan siyasəti
Göründüyü kimi Azərbaycan Respublikası regionda sülh və sabitliyin, mehriban qonşuluq münasibətlərinin qorunması üçün lazım olan bütün addımları atır. Yaranan yanlış hadisələr zamanı da siyasətində beynəlxalq hüquqa və sülhə sadiq bir dövlət kimi çıxış edir, qarşı tərəfdən də eyni münasibəti gözləyir.
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibəsində qeyd edib: "Təyyarənin yanlışlıqla vurulduğu aydındır, heç bir terror aktından söhbət gedə bilməz. Amma yanlışlıq olubsa lazım olan tədbirlər ardıcıl şəkildə atılmalıdır. Təssüflər olsun ki, biz qəzadan sonra Rusiyadan yalnız cəfəng ifadələr eşitdik".
Bəli Rusiya etdiyi yanlışı düzəltmir, lazımi addımları atmır. Biz Rusiyanı tanıdığımız üçün onun bu qərəzli addımlarından təəccüblənmirik. Amma onun bu qonşuluq və müttəfiqliyə uyğun olmayan addımları bizi təəssüflənirərək dostumuzun və düşmənimizin kim olduğunu bizə bir daha göstərdi. Ermənilərin l Pyotr tərəfindən Azərbaycan ərazilərində yerləşdirildiklərini, xanlıqlarımızın işğal edildiyini, Qarabağ xanı İbrahimxəlil xan və ailəsinin razılaşma əldə olunmasına baxmayaraq vəhşicəsinə öldürüldüyünü, xalqımıza qarşı etnik təmizləmə siyasətini, 1905-1906 qırğınlarını, Azərbaycan Xalq Cümhuriyyətinin işğal edilməsini, 31 mart soyqrımını, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin məhv edilməsini, 1937 haqsızlığa uğrayan repressiya qurbanlarımızı, 20 Yanvar faciəsini, Xocalı soyqırımını UNUTMAMIŞIQ. Bütün bunlara rəğmən Azərbaycan keçmişdə və tarixdə ilişib qalmır. Praqmatik siyasət yürüdərək mehriban qonşuluq münasibətləri saxlayır və sivil bir gələcək qurmağı hədəfləyir.
Bəs biz bu münasibətin qarşılığında nə görürük?
Biz Rusiyadan yaranmış vəziyyətlə bağlı üzrxahlıq gözlədiyimiz bir vaxtda, Rusiyanın kəşfiyyatına bağlı media qurumları və jurnalistləri, sosial şəbəkələrdə faktları təhrif edərək qərəzli məlumatlar paylaşırlar. Səhvən vurulan rus helikopteri və 3 rus sülhməramlısının xəbərini davamlı olaraq belə həssas bir vaxtda yaymaq, münasibətləri daha gərgin bir mərhələyə keçirməkdən başqa bir şey deyil. Azərbaycan xalqı nəyin necə baş verdiyini yaxşı xatırlayır və bilir. Rusiya mediasının istər provakativ davranışları, istərsə də ölkəmizdə fəaliyyət göstərən “Rus mədəniyyət evi” nin casusluq fəaliyyəti, münasibətləri arzuedilməz məcraya daşıyır.
Azərbaycanda fəaliyyət göstərən "Rus Evi" ilə bağlı yayılan məlumatlar diqqəti cəlb edir. Multikultural Azərbaycan, müxtəlif xalqların o cümlədən rusların Azərbaycanda müəyyən tədbirlərinə və mədəniyyətlərinin təqdimatına imkan yaradıb. Lakin bu şəraitdən sui-istifadə edərək anti-Azərbaycan təbliğat kampaniyası keçirənləri də tanıyırıq. Azərbaycandakı "Rus Evi"nin kəşfiyyat fəaliyyətləri ilə məşğul olduğu iddiaları, eləcə də onun rəhbəri Yevgeni Primakovun anti-Azərbaycan çıxışları bu qurumun gələcək fəaliyyətini sual altına alır. Azərbaycan mediasında son günlər yayılan ciddi iddialar bu qurumun rus kəşfiyyatının mərkəzi olması ilə bağlı rəy formalaşdırır. Rusiyanın öz müttəfiqi Azərbaycana qarşı göstərdiyi qərəzli münasibət, həyata keçirdiyi təxribatçı kəşfiyyat fəaliyyəti münasibətlərə yenidən baxılması zərurətini yarada bilər. Əgər Rusiya münasibətlərin əvvəlki sivil və normal məcraya qayıtmasını istəyirsə təyyarə qəzasına görə rəsmən Azərbaycan tərəfindən üzr istəməli, bu hadisəni törədənləri məsuliyyətə cəlb etməli və zərərçəkənlərə, onların ailələrinə kompensasiya ödəməlidir.
Ayhan Ağarzayev
19:14 29.01.2025
Oxunuş sayı: 46846