Qərbi Kaspi Universiteti beynəlxalq reytinqdə Azərbaycan üzrə 3-cü yerdə qərarlaşıb
Qərbi Kaspi Universiteti beynəlxalq akademik uğurlarını davam etdirir. Universitet Times Higher Education (THE) təşkilatının Schmidt Science Fellows ilə əməkdaşlıq çərçivəsində hazırladığı "Interdisciplinary Science Rankings 2027" reytinqində Azərbaycan üzrə 3-cü yerdə qərarlaşıb.
Crossmedia.az xəbər verir ki, dünya üzrə 1 058 ali təhsil müəssisəsinin yer aldığı reytinqdə Qərbi Kaspi Universiteti 501–600-cü yerlər intervalında qərarlaşıb. Bu nəticə universitetin beynəlxalq elmi-tədqiqat mühitində mövqeyini və elmi fəaliyyətinin inkişafını əks etdirir.
Reytinqin metodologiyasına əsasən, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyəti 11 göstərici üzrə üç əsas istiqamətdə qiymətləndirilir. Bunlara tədqiqat resursları (19 faiz), tədqiqat prosesinin təşkili (16 faiz) və tədqiqat nəticələri (65 faiz) daxildir. Qiymətləndirmə zamanı elmi tədqiqatların maliyyələşdirilməsi, tədqiqat infrastrukturu, akademik dəstək, elmi nəşrlərin sayı və keyfiyyəti, eləcə də tədqiqatların digər elm sahələrinə təsiri nəzərə alınır.
Universitetin bu nəticəsi elmi-tədqiqat potensialının gücləndirilməsi, müxtəlif elm sahələri arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq akademik nüfuzun artırılması istiqamətində həyata keçirilən fəaliyyətin göstəricisi kimi qiymətləndirilir.
17:22 20.11.2026
Oxunuş sayı: 116