ABŞ Hərbi Dəniz Qüvvələrində gizli kadr dəyişiklikləri üzə çıxıb
ABŞ Hərbi Dəniz Qüvvələrinin son aylarda bir neçə yüksəkvəzifəli zabiti ictimaiyyətə məlumat vermədən vəzifədən uzaqlaşdırması Konqresdə narazılığa səbəb olub.
Crossmedia.az xəbər verir ki, “Associated Press” (AP) agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri ənənəvi qaydadan fərqli olaraq, bir sıra yüksək rütbəli hərbçilərin vəzifədən azad edilməsini ictimaiyyətə açıqlamayıb.
Xüsusilə, nüvə enerjisi ilə işləyən “USS South Dakota” hücum sualtı qayığının üç rəhbər şəxsinin oktyabrın 14-də vəzifədən uzaqlaşdırılması Konqres üzvlərinin etirazına səbəb olub.
Bildirilir ki, qərar sualtı qayığın dəniz dibindəki obyektlə toqquşmasından sonra qəbul edilib.
ABŞ Nümayəndələr Palatasının üzvləri Co Kortni və Adam Smit Hərbi Dəniz Qüvvələrinin rəhbərliyinə məktub ünvanlayaraq hadisə və kadr dəyişiklikləri barədə Konqresə məlumat verilməməsini tənqid ediblər.
Onlar bu yanaşmanın şəffaflıq və qanunverici orqanla əməkdaşlıq baxımından suallar yaratdığını bildiriblər.
Bundan başqa, sentyabrın 27-də Yaxın Şərqdə hərbi əməliyyatlara cəlb edilmiş “USS Michael Murphy” esminesinin komandiri Keytlin Kanninqem də vəzifəsindən uzaqlaşdırılıb. Qərarın səbəbi kimi ona etimadın itirilməsi göstərilib.
Həmçinin Konqres və Ali Məhkəməyə tibbi xidmət göstərən hərbi həkim, kontr-admiral Brayan Monahanın da Hərbi Dəniz Qüvvələrində aparılan araşdırma fonunda vəzifəsindən ayrıldığı məlum olub.
Qeyd olunur ki, bu dəyişikliklərin ictimaiyyətə açıqlanmaması ABŞ Hərbi Dəniz Qüvvələrinin uzun illər ərzində tətbiq etdiyi məlumatlandırma təcrübəsindən fərqlənir.
15:23 13.11.2026
Oxunuş sayı: 30