Putin Ukraynanın şəhərlərindən biri ilə bağlı təklif irəli sürdü
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətində yerləşən Konstantinovka şəhərində birgə humanitar missiyanın həyata keçirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Moskvada keçirilən görüşdə danışıb.
Rusiya tərəfinin məlumatına görə, təklifin məqsədi şəhərdəki humanitar vəziyyətin yaxşılaşdırılması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və ehtiyacı olan insanlara yardım göstərilməsidir.
Putin təşəbbüsün Xerson vilayətinin işğal altındakı Oleşki şəhərində həyata keçirilən oxşar təcrübə əsasında reallaşdırıla biləcəyini bildirib. Onun sözlərinə görə, Konstantinovka ətrafındakı ərazinin minalardan təmizlənməsi üçün beş gün vaxt lazımdır.
Ukrayna tərəfi isə təklifə ehtiyatla yanaşır. Kiyev oxşar əməliyyat zamanı Rusiyanın hərbi texnika və qüvvələrin rotasiyası üçün şərait yaratdığını bildirərək təşəbbüsün təfərrüatlarının aydınlaşdırılmasını vacib sayır.
Qeyd edək ki, Putinlə ABŞ nümayəndələrinin görüşü təxminən iki saat yarım davam edib. Danışıqlarda Ukrayna müharibəsinin nizamlanması və növbəti üçtərəfli görüşün təşkili məsələləri də müzakirə olunub.
23:22 12.11.2026
Oxunuş sayı: 50