Qışda Azərbaycanda gedə biləcəyiniz ən yaxşı turistik rayonlar
Qarşıdan gələn qış mövsümü Azərbaycanın turizm potensialının genişləndirilməsi və xarici turistlərin cəlb olunması baxımından yeni imkanlar yaradır. Ölkədə Şahdağ və Tufandağ kimi dağ-xizək mərkəzləri xizək, snoubord və digər qış əyləncələri təklif edir. Şahdağ Turizm Mərkəzini 2025-ci il yanvarın 1-dən dekabrın 15-dək 300 mindən çox ziyarətçi qəbul edib. Azərbaycan Turizm Bürosu da xarici bazarlarda qış turizmini təşviq edir, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurur. Bununla belə, mövsümün imkanlarından daha geniş yararlanmaq üçün turizm paketlərinin şaxələndirilməsi, qiymət və xidmət keyfiyyətinin rəqabətədavamlı olması, nəqliyyat əlçatanlığının və beynəlxalq reklamın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Turizm eksperti Əziz Şiriyev Crossmedia.az-a açıqlamasında bildirib ki, turizm sahəsinin davamlı inkişafı üçün müxtəlif istiqamətlər paralel şəkildə genişləndirilməlidir: “Turizm sahəsi təkcə yay mövsümündən ibarət olmamalıdır. Ümumiyyətlə, mövsümiliyi aradan qaldırmaq lazımdır. Yay və qış mövsümləri daha çox strateji əhəmiyyət daşısa da, yaz və payız aylarında da müxtəlif addımlar atılmalıdır. 20 ildir bu sahəni araşdırıram. Araşdırmalarıma görə, Azərbaycanda təkcə standart turizm növünü deyil, digər turizm istiqamətlərini də yüksək səviyyədə və paralel şəkildə inkişaf etdirmək lazımdır”.

Əziz Şiriyev regionların turizm potensialının tanıdılması üçün yerli məhsullara həsr olunan festivalların və tədbirlərin əhəmiyyətini vurğulayıb: “İkinci məsələ əyləncəli və mövsümə uyğun festivalların, tədbirlərin keçirilməsidir. Bu yaxınlarda Qax rayonunda ‘Şənbazar’ adlı tədbir keçirildi. Qarşıdakı dövrdə cənub bölgəsində sitrus meyvələri tədbiri təşkil oluna bilər. Göyçayda nar bayramı, Balakən-Zaqatala bölgəsində xurma festivalı, Qubada isə alma festivalı keçirilə bilər. Hər bölgə özünəməxsus nemətləri ilə festival təşkil etməlidir. Bu tədbirlər Bakıya gələn qonaqların da regionlara marağını artırır”.
Ekspert qeyd edib ki, festivallar turistlərə bölgələrin mədəniyyəti, mətbəxi və yerli həyat tərzi ilə yaxından tanış olmaq imkanı yaradır: “Bu, o deməkdir ki, həm yerli turistlər, həm də xaricdən gələn qonaqlar yalnız Bakı ilə kifayətlənmirlər. Bakıda yaşayan vətəndaşlarımızın rayonlara səfər etməsi üçün də bir səbəb yaranır. Çünki festivallarda müxtəlif müğənnilərin çıxışları, oyunlar, attraksionlar təşkil olunur, yerli sakinlərin əl işləri və məhsulları satışa çıxarılır. Belə tədbirlərdə insanlar həmin regionun yaşayış tərzini, mətbəxini, incəsənətini və digər xüsusiyyətlərini yaxından görə bilirlər”.
Əziz Şiriyev qış turizminin inkişafı baxımından Şahdağ, Tufandağ və Ağbulaq turizm mərkəzlərinin imkanlarından daha səmərəli istifadə edilməsinin vacibliyini bildirib: “Qış mövsümündə də paralel şəkildə qış turizm komplekslərimiz fəaliyyət göstərir. Bunlar Qəbələdə Tufandağ, Qusarda Şahdağ və Naxçıvanda Ağbulaqdır. Naxçıvana təyyarə biletlərinin qiyməti ilə əlaqədar olaraq Qusar və Qəbələ istiqamətində daha çox turlar təşkil olunur. Düşünürəm ki, gələcəkdə Zəngəzur dəhlizi açıldıqdan sonra quru yollarla çoxlu sayda vətəndaşımız, eləcə də digər ölkələrdən, xüsusilə Türkiyədən gələn turistlər Naxçıvana və Qarabağ bölgəsinə qısa səfərlər edə biləcəklər”.
Ekspertin fikrincə, qış turizmi yalnız xizək kompleksləri və kanat xətləri ilə məhdudlaşmamalı, əyləncə proqramları və festivallarla zənginləşdirilməlidir: “Əsas vacib məqamlardan biri qış mövsümünə uyğun festivalların və tədbirlərin keçirilməsidir. Bu sahəyə klaster yanaşması ilə baxmaq lazımdır. Turistləri sadəcə xizək kompleksinə aparıb kanat xəttindən istifadə etməyi təklif etmək düzgün yanaşma deyil. İnsanların diqqətini çəkəcək fərqli konsepsiyaların, əyləncə növlərinin və tədbirlərin təşkili çox önəmlidir. Xüsusilə Şahdağda və Qəbələdəki Tufandağda müxtəlif festivalların keçirilməsi həmin bölgələrə marağı daha da artıra bilər”.
Əziz Şiriyev aqroturizm, kənd turizmi, ekoturizm və ekstremal turizmin inkişafının regionların sosial-iqtisadi vəziyyətinə də müsbət təsir göstərə biləcəyini bildirib: “Digər turizm növlərinin inkişafını ona görə vacib hesab edirəm ki, bu istiqamətlər turist axınını daha çox regionlara yönəldir. Aqroturizm, kənd turizmi, ekoturizm və ekstremal turizm bölgələrdə yaşayan insanların məşğulluğuna, yerli məhsulların satışına şərait yaradır. Bu da regionların sosial-iqtisadi inkişafına, ümumilikdə isə ölkə iqtisadiyyatına müsbət töhfə verir”.
Nigar Xəlilli
18:45 14.10.2026
Oxunuş sayı: 59