Pentaqon İrana zərbəyə hazırlaşır - Yaxın şərqdə vəziyyət qarışır
ABŞ-nin İrana qarşı mümkün yeni hərbi əməliyyata hazırlaşması barədə məlumatlar Yaxın Şərqdə onsuz da gərgin olan təhlükəsizlik vəziyyətini yenidən gündəmə gətirib. ABŞ Müdafiə Nazirliyi Pentaqona tabe olan ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı mümkün hücumların davam etdirilməsi üçün hazırlıqları tamamlamaq barədə göstəriş verib. Məlumata görə, mümkün əməliyyat üçün konkret vaxt müəyyənləşdirilməyib və ABŞ Prezidenti Donald Trampın zərbələrin vaxtı ilə bağlı qərarını hələ vermədiyi bildirilir.
ABŞ və İsrail mənbələri mümkün hücumların hər iki ölkədə keçiriləcək seçkilərdən əvvəl baş verə biləcəyini iddia edir. Eyni zamanda, hücumların davam etdirilməsi halında İranın enerji infrastrukturu və nüvə obyektlərinə qarşı genişmiqyaslı zərbələrin endirilə biləcəyi barədə məlumatlar yayılıb. Pentaqon isə ABŞ-nin hərbi variantlar hazırlamaq və onları prezidentə təqdim etməklə məşğul olduğunu bildirib. Ağ Evdən verilən açıqlamada isə Vaşinqtonun Hörmüz boğazı məsələsində “güclü mövqedə” olduğu və İran iqtisadiyyatının ciddi təzyiq altında qaldığı bildirilib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyata hazırlaşması Yaxın Şərqdə qarşıdurmanın daha geniş coğrafiyaya yayılması riskini artırır:

"Mümkün əməliyyatın ilk və ən mühüm nəticəsi ABŞ-İran qarşıdurmasının yenidən genişmiqyaslı hərbi mərhələyə keçməsi ola bilər. Onun sözlərinə görə, İranın mümkün cavabının yalnız ABŞ qüvvələri və İsraillə məhdudlaşacağına zəmanət yoxdur. Tehran hərbi əməliyyatların yenilənəcəyi təqdirdə ABŞ-nin regiondakı mövqeləri ilə yanaşı, Vaşinqtonun müttəfiqləri və tərəfdaşlarının da potensial hədəfə çevrilməsini nəzərdən keçirə bilər. Bu ssenari Yaxın Şərqdə çoxcəbhəli eskalasiya riskini artırır. İranla əlaqəli qüvvələrin İraq, Livan və Yəməndə aktivləşməsi ABŞ və onun regional tərəfdaşlarına əlavə təzyiq yarada bilər. Xüsusilə Hörmüz boğazı və Bab əl-Məndəb kimi strateji su yollarının təhlükəsizliyi yenidən əsas məsələlərdən birinə çevriləcək".
Politoloq qeyd edib ki, mümkün hərbi qarşıdurmanın digər mühüm nəticəsi qlobal enerji bazarlarında ciddi dalğalanmalar ola bilər. Hörmüz boğazının dünya enerji daşımaları üçün kritik marşrut olduğunu xatırladan ekspert burada hərbi qarşıdurmanın genişlənməsinin neft və qaz qiymətlərinə təsir göstərə biləcəyini deyib. Belə bir vəziyyət yalnız Yaxın Şərq ölkələri ilə məhdudlaşmayaraq Avropa və Asiya iqtisadiyyatlarında da əlavə təzyiq yarada bilər”.
“Daha bir məsələ isə regional dövlətlərin təhlükəsizliyidir. Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazaları İranın raket və pilotsuz uçuş aparatlarının potensial hədəfləri sırasına düşə bilər. Bu, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn və Küveyt kimi ölkələri daha mürəkkəb təhlükəsizlik dilemması ilə üz-üzə qoya bilər. ABŞ-nin regiondakı hərbi mövcudluğunun artması artıq müşahidə olunur və mümkün yeni əməliyyat bu prosesin daha da genişlənməsinə səbəb ola bilər. Bununla yanaşı, hərbi əməliyyat diplomatik kanalların tamamilə bağlanması riskini də artırır. Hazırda hər iki tərəfin hərbi hazırlıqla yanaşı diplomatik imkanları da nəzərdən keçirdiyi barədə məlumatlar var. Bu səbəbdən mümkün zərbələrin əsas strateji nəticəsi təkcə hərbi balansla ölçülməməlidir. Əsas məsələ qarşıdurmanın idarəolunan çərçivədən çıxıb daha geniş regional müharibəyə çevrilib-çevrilməyəcəyidir. Odur ki, ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatının reallaşması Yaxın Şərqdə mövcud təhlükəsizlik arxitekturasına ciddi təzyiq göstərə bilər. Ən böyük risk qarşıdurmanın yalnız ABŞ-İran xəttində qalmayaraq İsrail, Körfəz ölkələri, İraq, Suriya, Livan və Yəmən istiqamətlərinə yayılmasıdır. Buna görə hazırkı mərhələdə hərbi hazırlıqların özü belə regional aktorlar üçün təhlükəsizlik hesablamalarını dəyişdirir. Əməliyyatın baş verib-verməyəcəyindən asılı olmayaraq, ABŞ və İran arasında qarşılıqlı hərbi təhdidlərin artması Yaxın Şərqdə sabitliyin nə qədər kövrək olduğunu bir daha nümayiş etdirir”.
Zeynəb Həsən
16:00 08.10.2026
Oxunuş sayı: 220