Gəncə terroru beynəlxalq yaddaşa daşınmalıdır - Deputat rəyi
44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrinin, o cümlədən cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin raket atəşinə tutulması mülki əhali arasında itkilərə və şəhərin infrastrukturuna ciddi ziyan dəyməsinə səbəb olub. Gəncəyə endirilən raket zərbələri nəticəsində qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla mülki şəxslər həyatını itirib, yaşayış binaları və sosial obyektlər dağıdılıb. Hadisələrin nəticələri yerli və beynəlxalq media tərəfindən foto və videolarla sənədləşdirilib.
Gəncə terroru ilə bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması, hadisənin hüquqi qiymətinin və tarixi yaddaşının qorunması məsələsi bu gün də gündəmdədir. Bunun üçün yalnız hadisənin ildönümlərində deyil, davamlı şəkildə hüquqi, diplomatik və informasiya istiqamətində işlərin aparılması, qurbanların taleyini və dağıntıların miqyasını əks etdirən materialların beynəlxalq platformalarda təqdim olunması təklif edilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, Gəncə terrorunun beynəlxalq ictimaiyyətə daha effektiv şəkildə çatdırılması və müharibə cinayəti kimi hüquqi və tarixi yaddaşda möhkəmləndirilməsi üçün görülən işlər genişləndirilməlidir:
“44 günlük Vətən müharibəsi zamanı ermənilər Azərbaycanın dinc əhalisini də raket hücumuna məruz qoydu. Nəticədə mülki əhaliyə, eləcə də sosial obyektlərə, təhsil ocaqlarına xeyli ziyan dəydi. Müharibə bölgəsindən 100 kilometrlərlə uzaqda olan və Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 5 dəfə bombalanması nəticəsində çoxlu sayda insan həlak oldu. Onların arasında qadınlar, qocalar, hətta azyaşlı uşaqlar da var idi.
Tutduğu cinayət hadisəsini ört-basdır etməyə çalışan Ermənistan xarici informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərlər yaymağa çalışırdı. Lakin hadisə yerlərindən yerli və xarici medianın yaydığı foto və videogörüntülər onların yalanlarını da ifşa edirdi. Ermənilər tərəfindən törədilən bu vəhşilik düşmənin terror əməli kimi qiymətləndirildi.
Düşünürəm ki, Gəncə terrorunun beynəlxalq ictimaiyyətə daha effektiv şəkildə çatdırılması və onun bir müharibə cinayəti kimi hüquqi və tarixi yaddaşda möhkəmləndirilməsi üçün işlərin davam etdirilməsinə və genişləndirilməsinə ehtiyac var. Hadisələrin Cenevrə konvensiyalarını və beynəlxalq humanitar hüququn fundamental prinsiplərini kobud şəkildə pozduğunu sübut edən sənədlər Avropa İnsan Hüquqları Məhkəməsi və BMT-nin Beynəlxalq Məhkəməsi kimi instansiyalarda ardıcıl olaraq müdafiə edilməlidir.
Terror aktı nəticəsində həlak olan uşaqlar, qadınlar və mülki şəxslərlə bağlı ayrıca hüquqi hesabatlar BMT, ATƏT, Avropa Şurası, Human Rights Watch və Amnesty International kimi təşkilatlara müntəzəm olaraq təqdim edilməlidir. Bu sahədə çəkilmiş sənədli filmlər Netflix, Amazon Prime kimi qlobal platformalarda və beynəlxalq film festivallarında nümayiş etdirilməlidir.
Gəncədə raket zərbələri nəticəsində dağılmış ərazidə yaradılan açıq səma altındakı memorial kompleks xarici diplomatların, jurnalistlərin və turistlərin mütləq ziyarət etməli olduğu bir məkana çevrilməlidir. Buna misal olaraq Xirosima Memorial Muzeyi və ya Xatın kompleksi modelini göstərə bilərik. Doğrudur, Gəncə şəhərinə səfər edən diplomatların həmin muzeyə səfəri təşkil olunur, amma bu, davamlı və müntəzəm şəkildə həyata keçirilməlidir.
Turizm şirkətləri də təşkil etdikləri səfərlərdə Gəncə hadisələrinə dair turlar təşkil edərək bu hadisələrin yaddaşlarda qalmasına dəstək ola bilər. Beləliklə, Gəncə terroru yalnız tarixi hadisə kimi xatırlanmaz, həm də beynəlxalq ictimaiyyətin diqqətinə sistemli şəkildə çatdırılan bir yaddaş məkanına çevrilər”.
Nigar Xəlilli
18:40 06.10.2026
Oxunuş sayı: 68