“Politico”nun Trampın təyyarəsində səfərinə icazə verilmədi
Ağ Ev “Politico” nəşrinin jurnalistinin bazar ertəsi ABŞ Prezidenti Donald Trampın “Air Force One” təyyarəsində səfərdə iştirakına icazə verməyib.
Crossmedia.az xəbər verir ki, “Politico”nun nümayəndəsi nəşrin prezidentlə səfər edən kiçik jurnalist qrupundan ibarət mətbuat hovuzunda iştirakının əngəlləndiyini təsdiqləyib. Bu səbəbdən nəşr öz növbəsində hovuzun əsas çap mediası nümayəndəsi kimi üzərinə düşən vəzifələri yerinə yetirə bilməyib.
Ağ Ev “Politico”nun yerinə başqa media qurumunu cəlb etməyə çalışsa da, əvəzləyici jurnalist tapa bilməyib. Nəticədə səfərdə çap mediası üzrə əsas nümayəndə olmayıb. “The Washington Post” isə hovuzda ikinci dərəcəli yer tutaraq səfərdə iştirak edib və məlumatları digər media qurumları ilə bölüşüb.
Məlumata görə, Ağ Evin “Politico”nun yerini tutmaq üçün müraciət etdiyi digər media qurumları da bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Donald Tramp sentyabrın 18-də “Politico”, CNN və MS NOW-un Ağ Evə girişini qadağan etdiyini açıqlamışdı. Media qurumları sentyabrın 21-də bunun ABŞ Konstitusiyasının Birinci və Beşinci düzəlişlərini pozduğunu əsas gətirərək məhkəməyə müraciət ediblər.
Hakim Timothy J. Kelly daha sonra jurnalistlərin Ağ Evdəki mətbuat vəsiqələrinin bərpa edilməsini tələb edən müvəqqəti qərar çıxarıb. Buna baxmayaraq, Ağ Evin CNN-in də prezidentlə “Air Force One” səfərlərində iştirakına bir neçə dəfə icazə vermədiyi bildirilir.
Ağ Ev isə prezidentlə “Air Force One”da səyahət etməyin jurnalistlər üçün hüquq deyil, imtiyaz olduğunu bildirir.
Məsələ ilə bağlı məhkəmə araşdırmasının davam edəcəyi və son qərarın ABŞ prezidentinin media ilə münasibətlərinə təsir göstərə biləcəyi qeyd olunur.
11:58 06.10.2026
Oxunuş sayı: 61