Bakı-Xankəndi veloyarışının tarixi açıqlanıb
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı 2027-ci il mayın 9-13-də keçiriləcək.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası bu barədə məlumat yayıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyasına daxil olan yarış beynəlxalq federasiyanın rəsmi təqviminə salınıb.
Yarışın 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq dövrünə təsadüf etməsi onun idman əhəmiyyətini artırır. Olimpiya təsnifatında reytinq xallarının mühüm rol oynaması səbəbindən Bakı-Xankəndi veloyarışında yüksək səviyyəli komandaların və idmançıların iştirakı, mərhələlərdə isə daha gərgin mübarizənin olması gözlənilir.
Komandalar həm ayrı-ayrı mərhələlərdə, həm də ümumi təsnifatda yüksək nəticə göstərmək, eyni zamanda Olimpiya Oyunlarına gedən yolda reytinq xallarını artırmaq uğrunda mübarizə aparacaqlar.
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı Azərbaycanın idman, turizm və mədəni potensialının beynəlxalq səviyyədə nümayişi baxımından mühüm platforma hesab olunur. Yarış, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyət daşıyır.
11:20 06.10.2026
Oxunuş sayı: 62