Payız virusundan necə qorunmaq lazımdır - həkim açıqladı
Havanın temperaturunun aşağı düşməsi ilə insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi mövsümi virus infeksiyalarının yayılması üçün əlverişli şərait yaradır. Payız-qış dövründə xüsusilə respirator virusların yaratdığı infeksiyaların artması müşahidə olunur və sıx təmasların çoxalması yoluxma riskini yüksəldir.
Mövsümi infeksiyaların yayılmasının qarşısının alınmasında qapalı məkanların mütəmadi havalandırılması, şəxsi gigiyena qaydalarına əməl edilməsi və xəstəlik əlamətləri olan şəxslərin başqaları ilə təmasını məhdudlaşdırması mühüm əhəmiyyət daşıyır.
Crossmedia.az-a açıqlamasında tibb üzrə elmlər doktoru Adil Qeybulla payız aylarında yoluxucu xəstəliklərdən qorunmaq üçün insanların həm özlərini, həm də ətrafdakıları nəzərə almalı olduğunu bildirib:

“Bütün yoluxucu xəstəliklərdə, istər hava-damcı, istər kontakt yolu ilə yayılsın, insanlar ilk növbədə özlərini, sonra isə ətrafdakıları qorumalıdırlar. Soyuqdəymə və qripəbənzər əlamətləri olan şəxslərin kollektivə gəlməsi zəruridirsə, maskadan düzgün istifadə etməsi vacibdir. Maska ağız və burnu tam örtməlidir”.
Həkim qeyd edib ki, xəstə şəxslərin kollektivdə maskasız olması infeksiyaların yayılmasını sürətləndirə bilər: “Viruslar asqırma və öskürmə zamanı havaya yayılır və digər insanların tənəffüs yollarına düşərək onları xəstələndirə bilər. İnsanlar bir-birini qorumaq prinsipini əsas götürsələr, yoluxmaların geniş yayılmasının qarşısını almaq mümkündür. Bu, həm də bir-birinə hörmət və diqqət göstərməkdir”.
Adil Qeybulla yanaşı xəstəlikləri olan şəxslərin infeksiyalardan daha ciddi təsirlənə biləcəyinə də diqqət çəkib. O, payızda sağlamlığın qorunması üçün düzgün geyim, fiziki aktivlik və sağlam qidalanmanın vacib olduğunu vurğulayıb.
“Bu payız fəslində hər bir şəxs özünü soyuqdan qorumalı, geyim formasını düzgün seçməli, fiziki aktivliyi artırmalı, daha çox meyvə-tərəvəz qəbul etməli və mümkün qədər təmiz havada gəzməlidir. İmmun sistemi aktiv və sağlam vəziyyətdə saxlamaq vacibdir. Hərəkətsizlik və düzgün olmayan qidalanma soyuqdəymə xəstəliklərinə meyli artıra bilər”, - deyə həkim bildirib.
Nigar Xəlilli
20:00 05.10.2026
Oxunuş sayı: 44