Husilərə zərbələrdə 1747 nəfər ölüb və ya yaralanıb
Yəmən ordusu Səda, Cövf, Taiz və sahil cəbhələrində husilərə qarşı 1122 zərbə endirildiyini və nəticədə 1747 nəfərin öldüyünü və ya yaralandığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” bu barədə məlumat yayıb.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Macid Abdullah ən-Nezili bildirib ki, əməliyyatlar zamanı husilərin müdafiə mövqeləri, artilleriya bölmələri, raket qurğuları, təchizat xətləri, hərbi texnikası və komanda mərkəzləri hədəfə alınıb.
Onun sözlərinə görə, hücumlarda döyüş təyyarələri, pilotsuz uçuş aparatları, artilleriya, raketlər, çoxlüləli reaktiv yaylım sistemləri və snayperlərdən istifadə olunub. Hücumlar nəticəsində 364 avtomobil, hərbi texnika və nəqliyyat vasitəsinin məhv edildiyi və ya sıradan çıxarıldığı bildirilib.
Husilər açıqlamaya hələ münasibət bildirməyib. Yəmən ordusu hücumların hansı müddətdə həyata keçirildiyini açıqlamayıb.
Yəmən Prezident Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Alimi isə husilərin nəzarətində olan ərazilərin geri qaytarılması və dövlət suverenliyinin bərpası məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlanıldığını bildirib.
Yəməndə husilərin 2014-cü ilin sentyabrında paytaxt Sənanı və bir sıra əraziləri ələ keçirməsindən sonra vətəndaş müharibəsi başlayıb. Son döyüşlərin 2022-ci ilin aprelində əldə olunan atəşkəsdən sonra ən genişmiqyaslı qarşıdurmalardan biri olduğu qeyd edilir.
13:24 05.10.2026
Oxunuş sayı: 53