İnsult keçirən xəstənin beynindəki qan laxtası xüsusi əməliyyatla- ÇIXARILDI
Rusiyanın Kemerovo vilayətində həkimlər beynin böyük hissəsinə qan axınını təmin edən damarı tamamilə bağlayan qan laxtası səbəbindən işemik insult keçirən xəstənin həyatını xilas ediblər.
Crossmedia.az xəbər verir ki, Kemerovo vilayətinin səhiyyə naziri Andrey Tarasov bu barədə “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, xəstə qəfil yıxılıb və bədəninin sağ tərəfində iflic, həmçinin oriyentasiya pozğunluğu səbəbindən ayağa qalxa bilməyib. Daha sonra onun daha əvvəl mini-insult keçirdiyi məlum olub. Lakin xəstə həmin vaxt yaranan simptomlara əhəmiyyət verməyərək ayağa qalxa bilib.
Xəstə təcili olaraq Akademik L.S. Barbaraş adına Kuzbass Klinik Kardiologiya Dispanserinə çatdırılıb.
Həkimlər müayinələr zamanı sol orta beyin arteriyasının bir seqmentinin tıxandığını müəyyən ediblər. Bu vəziyyət beynin həmin nahiyəsində qan dövranının pozulmasına, işemiyaya və beyin toxumasının zədələnməsinə səbəb ola bilər.
Mütəxəssislər xəstənin vəziyyətində təcili müdaxilənin zəruri olduğu qənaətinə gəliblər.
Şöbə müdiri bildirib ki, xəstəyə əvvəlcə sistemli trombolitik terapiya tətbiq olunub, daha sonra isə tromboekstraksiya aparılıb. Nəticədə qan laxtası çıxarılıb və beynin damarında qan axını bərpa edilib.
Müdaxilədən sonra xəstənin ayağında hərəkət qabiliyyəti bərpa olunub. Hazırda kişi əsa ilə hərəkət edir və özünə xidmət göstərə bilir. Qolundakı hissiyatın bərpası isə hələ davam edir.
Həkimlərin sözlərinə görə, xəstəni qarşıda uzunmüddətli reabilitasiya prosesi gözləyir.
Qeyd edək ki, bundan əvvəl Xabarovsk vilayətində həkimlər Taylandda naməlum həşərat tərəfindən dişlənən kişinin həyatını xilas etmişdilər.
13:08 05.10.2026
Oxunuş sayı: 44