“Amerika koronavirusu” Britaniyada xəstəxanaları doldurur: Londonda artım 79 faizə çatdı
Britaniyada COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilmə halları artır. Buna SARS-CoV-2 virusunun XFG variantının yayılması təsir göstərir.
Crossmedia.az xəbər verir ki, “NDTV” bu barədə məlumat yayıb.
Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) son məlumatlarına görə, xəstəxanalarda COVID-19 testlərinin pozitivlik göstəricisi 5,9 faizdən 7 faizə yüksəlib. Həftəlik xəstəxanaya yerləşdirilmə göstəricisi isə hər 100 min nəfərə 0,81-dən 1,20-yə çataraq təxminən 48 faiz artıb.
Ən kəskin artım Londonda qeydə alınıb. Paytaxtda COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilmə göstəricisi 79 faiz yüksəlib. 85 yaşdan yuxarı şəxslər arasında bu göstərici hər 100 min nəfərə 7,08-dən 12,43-ə çatıb.
İngiltərədə ardıcıllığı müəyyən edilən müsbət nümunələrin yarıdan çoxunda XFG variantının aşkarlandığı bildirilir. Bununla belə, səhiyyə rəsmiləri hazırkı vəziyyətin təşviş üçün əsas olmadığını qeyd edir. Onların sözlərinə görə, ümumi yoluxma səviyyəsi hələ də aşağıdır və XFG-nin daha ağır xəstəliyə səbəb olduğuna dair sübut yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatı XFG variantını 2025-ci ilin iyununda müşahidə altında olan variant kimi təsnif edib. Variantın simptomlarının digər yeni COVID-19 variantlarına bənzədiyi, əsas əlamətlər arasında boğaz ağrısı, öskürək, yorğunluq və hərarətin olduğu bildirilir.
19:21 04.10.2026
Oxunuş sayı: 52