Diqqət - Bu adamlar erkən pensiyaya çıxa bilər
Hazırda Azərbaycanda yaşa görə əmək pensiyası üçün ümumi yaş həddi 65 yaşdır. Bununla yanaşı, qanunvericilik müəyyən kateqoriyalara daha erkən yaşda pensiyaya çıxmaq imkanı verən güzəştlər də nəzərdə tutur. Xüsusilə çoxuşaqlı ailələr, əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər və bəzi əmək sahələrində çalışanlar üçün fərqli şərtlər tətbiq olunur.
Bəs erkən pensiya hüququ hansı hallarda yaranır, bu güzəştlər kimlərə şamil olunur və vətəndaşların pensiya yaşının azaldılması üçün hansı şərtləri yerinə yetirməsi tələb olunur?
Crossmedia.az-a açıqlamasında hüquqşünas Ülvi Nağıyev pensiyaya erkən çıxmaqla bağlı qanunvericilikdə müəyyən kateqoriyalar üçün güzəştlərin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, bu güzəştlər əsasən çoxuşaqlı ailələr, 18 yaşına qədər əlilliyi olan övladlarına baxan valideynlər və zərərli əmək şəraitində çalışan şəxsləri əhatə edir.
Çoxuşaqlı ailələr üçün pensiya yaşının azaldılması ilə bağlı qanunvericilikdə konkret müddəaların olduğunu qeyd edən hüquqşünas bildirib: “Bu spesifik sahədə qanunvericilikdə konkret göstərilib ki, 5 və daha artıq uşağı olan şəxslər üçün pensiya yaşının 1 il azaldılması nəzərdə tutulub. Bir də 18 yaşına qədər əlilliyi olan övladlarına baxan valideynlər üçün 5 il erkən pensiyaya çıxma imkanı nəzərdə tutulub”.
Ülvi Nağıyev erkən pensiya imkanlarının bununla məhdudlaşmadığını da vurğulayıb. Onun sözlərinə görə, əmək fəaliyyətinin xarakteri və iş şəraiti də müəyyən hallarda pensiya yaşına güzəştlərin tətbiqinə əsas yarada bilər.
“Eyni zamanda, zərərli işlərdə çalışan şəxslər üçün də müxtəlif güzəştlər mövcuddur”, - deyə hüquqşünas qeyd edib.
Nigar Xəlilli
20:30 22.09.2026
Oxunuş sayı: 53