Türk Dövlətləri Təşkilatı ölkələrində nəqliyyat-logistika bağlantıları
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında nəqliyyat-logistika əlaqələri son illərdə strateji əhəmiyyət daşıyan əsas əməkdaşlıq istiqamətlərindən birinə çevrilmişdir. Bu bağlantılar üzv dövlətlər – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və müşahidəçi ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirir, ticarət dövriyyəsini artırır və Avropa-Asiya nəqliyyat əlaqələrində mühüm tranzit imkanları yaradır.
TDT məkanında nəqliyyat-logistika bağlantılarının əsasını beynəlxalq nəqliyyat dəhlizləri təşkil edir. Xüsusilə, Orta Dəhliz Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa istiqamətində yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bu marşrut həm daşınma müddətini azaldır, həm də alternativ tranzit xətti kimi geosiyasi əhəmiyyət daşıyır.
Nəqliyyat-logistika bağlantılarının güclənməsi TDT ölkələrinin iqtisadi inkişafına, ixrac imkanlarının genişlənməsinə və regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir. Bununla yanaşı, bu əməkdaşlıq Avrasiya məkanında yeni iqtisadi və ticarət marşrutlarının formalaşmasına da təsir göstərir. Bu baxımdan da,
Orta Dəhliz boyunca logistika mərkəzlərinin sayının artırılması,
Gömrük prosedurlarının sürətli və çevik şəkildə rəqəmsallaşdırılması,
TDT ölkələri arasında vahid elektron tranzit platformasının yaradılması,
Dəmir yolu və liman infrastrukturuna kompleks yanaşma və birgə investisiyaların artırılması,
Yaşıl logistika və ekoloji nəqliyyat texnologiyalarının tətbiqi,
Region ölkələri arasında vahid tarif siyasətinin formalaşdırılması,
Daşıma proseslərində elektron müqavilələrin, e-CMR, e-TIR sistemlərinin tətbiqi;
TDT üzvləri arasında, eləcə də bu ölkələri əhatə edən tranzit daşıma proseslərinin vahid mərkəzdən koordinasiyası kimi məsələlər aktual olaraq qalır.
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti üzərində modernizasiya layihələrinin tamamlanması ilə dəhlizin buraxıcılıq qabiliyyətinin artırılması, Zəngəzur dəhlizinin işə salınması istiqamətində görülən işlər, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında (BBDTL) davamlı olaraq həyata keçirilən təkmilləşdirici layihələr, eləcə də Orta Dəhliz boyunca digər ölkələrdə, Aktau limanında və s. görülən işlər yaxın gələcəkdə yük axınlarının daha da artacağına əsas yaradır. Beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankı da Orta dəhliz üzrə yük axınlarının 2030-cu ildə 2021-ci ilə nisbətən 3 dəfə artaraq 11 milyon tona çatacağını proqnozlaşdırır. Bütün bunlar dəhliz boyunca yuxarıda qeyd olunanların diqqət mərkəzində saxlanmasını, birgə koordinasiya və tənzimləmə işlərinin sürətləndirilməsini zəruri edir.
TDT məkanında yerləşən ölkələrin tranzit potensialının reallaşdırılması nəqliyyat-logistika sisteminin optimallaşdırılmasından birbaşa asılıdır. Yük daşımalarının optimal-laşdırılması, həm də regional iqtisadi inteqrasiyanın dərinləşməsi, ticarət həcmlərinin artması və Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Optimallaşdırma nəticəsində tranzit vaxtı və logistika xərcləri azalır, tranzit gəlirləri və ticarət dövriyyəsi artır, investisiya cəlbediciliyi yüksəlir və regional inteqrasiya daha da dərinləşir. Bu baxımdan da, əsas hədəflərdən biri kimi, optimallaşdırma aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri edir:
vahid logistika strategiyasının hazırlanması;
tranzit tariflərinin harmonizasiyası;
elektron sənəd dövriyyəsinin tam tətbiqi;
multimodal daşımaların genişləndirilməsi;
gömrük prosedurlarının sadələşdirilməsi;
birgə logistika mərkəzlərinin yaradılması;
nəqliyyat infrastrukturuna investisiyaların artırılması.
Şübhəsiz ki, TDT ölkələri arasında yük axınlarının artması regionun geoiqtisadi əhəmiyyətini də yüksəldir. Xüsusilə, Orta dəhlizin mühüm komponentləri olan BTQ, Zəngəzur, BBDTL və digər ərazilərdə həyata keçirilən davamlı tədbirlər nəqliyyat-tranzit-logistika mərkəzi kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Azərbaycanda bu işlər konkret dövlət proqramı və layihələr çərçivəsində kompleks şəkildə həyata keçirilir. Hazırda reallaşdırılmaqda olan “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nında da yük daşımalarının optimallaşdırılması üçün rəqəmsallaşma, multimodal inteqrasiya, tarif koordinasiyası və infrastruktur modernləşdirilməsi əsas prioritet istiqamətlər hesab olunur. Bu tədbirlər tranzit vaxtının azalmasına, logistika xərclərinin aşağı düşməsinə və TDT məkanının beynəlxalq daşımalarda və ticarətdə rəqabət qabiliyyətinin artmasına şərait yaradacaqdır.
13:05 22.09.2026
Oxunuş sayı: 42