Şamaxıda yeni turizm dalğası: Regionun iqtisadi potensialı güclənir
Şamaxıda turizm və rekreasiya imkanlarının genişləndirilməsi istiqamətində yeni layihələr gündəmdədir. Sentyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı “Nəsimi Bağları” kompleksində görülən işlərlə tanışlıq, “Pirqulu Park” hotelinin açılışı və Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq bölgənin turizm, mədəni irs və rekreasiya potensialının inkişafına diqqəti bir daha göstərib.
Şamaxının tarixi abidələri, təbiəti və Bakıdan nisbətən yaxın məsafədə yerləşməsi rayonu daxili turizm üçün cəlbedici istiqamətlərdən birinə çevirir. Yeni turizm obyektlərinin istifadəyə verilməsi və mövcud imkanların genişləndirilməsi isə bölgədə xidmət sektorunun, məşğulluğun və turizm infrastrukturunun inkişafına təsir göstərə bilər. Bu baxımdan Şamaxıda həyata keçirilən layihələrin regionun iqtisadi həyatına və Azərbaycanın turizm sektoruna təsiri də diqqət çəkir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında bildirib:
“Turizm Azərbaycanda prioritet sektorlardan biridir. Bu sahə, eyni zamanda, ölkəyə enerjidən sonra ən çox valyuta gətirən sektordur. Turizmin inkişafı infrastrukturun yenilənməsində və yeni turizm obyektlərinin istifadəyə verilməsində özünü göstərir. Şamaxı turizmin inkişafı baxımından Azərbaycanın cəlbedici bölgələrindəndir. Şamaxıda yeni turizm və rekreasiya layihələrinin təqdim olunması regionların iqtisadi inkişafında turizmin rolunun artmasına gətirib çıxarır. Çünki turizm qeyri-neft sektorunun əsas sahələrindən biridir və dövlət tərəfindən prioritet kimi dəstəklənir. Yeni dövlət proqramı bu istiqamətdə tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə imkan verəcək və yeni təşviq alətlərindən istifadə edilməsini nəzərdə tutur. Bu baxımdan ölkəyə daha çox valyutanın daxil olacağı proqnozlaşdırılır ki, bu da birbaşa dövlət dəstəyinin artırılması ilə bağlıdır".
Deputat qeyd edib ki, eyni zamanda, məşğulluğun təmin olunmasında turizmin rolu və payı da artmaqdadır: "Çünki həm ailə turizminin inkişaf etməsi, həm də yeni turizm obyektlərinin istifadəyə verilməsi xüsusən bölgələrdə məşğulluğa müsbət təsir göstərir. Bu baxımdan turizm yeni dövrdə Azərbaycana daha çox valyuta daxil olmasına, məşğulluğun təmin olunmasında rolunun artmasına, eyni zamanda ölkəmizin üstünlüklərinin və reallıqlarının xaricdə daha yaxından təbliğ olunmasına dəstək olacaq”.
Zeynəb Həsən
17:30 19.09.2026
Oxunuş sayı: 63