İslam dünyasını birləşdirən yol: Bakıdan dünyaya həmrəylik mesajı
Müsəlman dünyasında qarşıdurmaların və fikir ayrılıqlarının davam etdiyi bir vaxtda İslam həmrəyliyinin gücləndirilməsi məsələsi yenidən beynəlxalq gündəmdədir. Azərbaycan bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif tədbirlərə ev sahibliyi edib, 2017-ci ildə isə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib.
Azərbaycanın İslam dünyasında əməkdaşlıq və dialoqun təşviqi istiqamətində fəaliyyəti 2027-ci ildə Bakının İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməsi ilə yeni mərhələyə keçir. Prezident İlham Əliyev də sentyabrın 15-də keçirilən görüşdə Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi üçün praktiki addımlar atdığını bildirib və qarşıdurmaların dayandırılmasının vacibliyini vurğulayıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsin sədri Fazil Mustafa Crossmedia.az-a açıqlamasında bildirib ki, İslam dövlətləri arasında barışdırıcılıq missiyasının həyata keçirilməsinin mürəkkəb prosesdir: “Ümumiyyətlə, İslam dövlətləri arasında barışdırıcılıq missiyası ortaya qoymaq çox çətin məsələdir və bu yükü bir çox hallarda Azərbaycan ayrı-ayrı istiqamətlər üzrə götürməyə çalışır. Prezident İlham Əliyevin də çalışmaları bu istiqamətdə özünü daha çox göstərir. İstər İslam Əməkdaşlıq Təşkilatında, istər digər platformalarda bir-birinə zidd olan anlayışları birləşdirməyə çalışan davranışlar sərgilənir”.
Fazil Mustafa qeyd edib ki, İslam ölkələrinin müxtəlif siyasi bloklarda və müttəfiqlik münasibətlərində təmsil olunması bu istiqamətdə vahid yanaşmanın formalaşdırılmasını çətinləşdirir: “Hər halda bu istiqamətdə ciddi çalışmalar var, amma bunları bir araya gətirmək maraqların uzlaşmadığı bir dövrdə çox çətindir. Çünki ayrı-ayrı bloklarda təmsil olunan, ayrı-ayrı siyasi müttəfiqlik münasibətində olan İslam ölkələrinə nəyisə təlqin etmək çox çətindir”.

Deputatın sözlərinə görə, Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü bu istiqamətdə əlavə imkan yarada bilər: “Amma bu barış bütün hallarda uğurlu bir kursdur və Prezident İlham Əliyev də gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Bakıda keçirilməsini bir fürsət olaraq görərək belə bir layihənin, ümumiyyətlə, gerçəkləşməsi üçün səylərini əsirgəmir. Bu yaxınlarda Türk dünyası dini liderlərinin nümayəndələrini də qəbul edəndə bu istiqamətdə öz mesajlarını verdi. Ümid edək ki, hər kəs azacıq belə bir səy göstərməyə çalışsa, burada yaxşı mənada prosesləri irəli aparmaq mümkün olacaq”.
İslam dünyasında həmrəyliyin zəifləməsinin müxtəlif səbəbləri olduğunu bildirən ilahiyyatçı Ağa Hacıbəyli əsas amillərdən birinin müsəlman ölkələrinin dini maraqlardan daha çox milli və dövlət maraqlarını önə çəkməsi olduğunu deyib:
“Bu gün İslam dünyasında xeyli dövlət var və hər dövlətin dövlət maraqları dini maraqlardan öndə gəlir. Ona görə yeri gəldiyi zaman o ölkələr öz milli maraqlarına, dövlət maraqlarına daha çox önəm verir, nəinki digər müsəlman ölkələrinin düşdüyü ağır vəziyyətə. İkinci böyük problemlərdən biri ümumiyyətlə İslam dünyasında məzhəb və ideoloji ayrı-seçkilik məsələlərinin zaman-zaman çox qabardılmasıdır. İslamın beş böyük məzhəbi fikir, düşüncə və fiqh məktəbləridir. Bunların beşi də bir insanın əlindəki barmağa bənzəyir. Barmaqlar bir araya gəldikdə gücə çevrilir. Amma bu gün İslam dünyasında həmin məzhəblərin bir gücə çevrilməsinə mane olan kifayət qədər məsələlər var”.

Ağa Hacıbəyli İslam dünyasının zəifləməsində xarici təsirlərin və iqtisadi problemlərin də rol oynadığını qeyd edib: “Bu gün İslam dünyasının çöküşünün, zəifləməsinin səbəblərindən biri də xarici güclərin təsiri və müsəlman ölkələrinin asılı vəziyyətə düşməsidir. Çətinliyin, zillətin pəncəsi altında inildəyən xalqlar möhtac qalır, güclü ölkələrdən müəyyən mənada borclar alır və həyatlarını çox ağır şəkildə idarə edirlər. İqtisadi problemlər də çox böyük sıxıntılara səbəb olur”.
İlahiyyatçının sözlərinə görə, həmrəyliyin gücləndirilməsi üçün İslamın özündə mövcud olan ortaq dəyərlər əsas götürülməlidir: “İslam dininin təməlində, ruhunda, bütün prinsiplərində həmrəyliyin elementləri var. Namazın camaatla qılınması, Cümə namazları və söhbətləri, Həcc ziyarəti müsəlmanları bir araya gətirən əsas amillərdəndir. Dünyanın dörd bir tərəfində əldə olan Qurani-Kərim də eyni missiyanı icra edir. Lakin bizim ən böyük problemlərimizdən biri Quranı doğru oxuyub, doğru anlayıb, doğru yaşaya bilməməyimizdir. İnsanların dini dünyasında oxumaq bir problem, anlamaq ikinci problem, yaşamaq isə ən böyük problemimizdir”.
Ağa Hacıbəyli Azərbaycanın İslam həmrəyliyi və dini tolerantlıq baxımından nümunə olduğunu bildirib: “Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi kimi, İslam həmrəyliyinə verilən töhfə çox önəmlidir və bu, Azərbaycanda bir model olaraq qurulub. İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə Azərbaycanın ev sahibliyi etməyə haqqı var. Çünki bunu ölkəmizdə ən incə təfərrüatlarına qədər yaşandığını görürük. Nəinki İslam dünyasının, hətta digər inanc və etiqada sahib xalqların məbədlərinə, sinaqoqlarına, kilsələrinə Azərbaycan dövləti yan gözlə baxmır, onları himayə edir və qoruyur. Bu baxımdan İslamın birliyi Qurani-Kərimin Hucurat surəsindəki ‘İnananlar qardaşdır’ prinsipi ilə ifadə olunur. Bu qardaşlıq bağı İslam mədəniyyətinin əsas dəyərlərindən biridir”.
Nigar Xəlilli
20:50 16.09.2026
Oxunuş sayı: 50