2025-ci ildə nələr ola bilər? - Sülh imzalanacaq, Makron hakimiyyətdən gedəcək
Yola saldığımız 2024-cü il dünyada və regionda bir sıra mühüm siyasi proseslərlə yadda qaldı. 2025-ci il üçün də bəzi mühüm hadisələr proqnozlaşdırılır.
Öncə onu deyək ki, bu il Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istisna edilmir. Hər halda proses artıq yetişib. Hər iki tərəf sülh istiqamətində kifayət qədər yolun qət edildiyini bildirir.
Əslində 2023 və 2024- cü illərdə də sülh sazişinin imzalanması üçün şərait var idi. Hər iki ildə sazişin imzalanması proqnozlaşdırılırdı. Amma Ermənistanın destruktiv mövqeyi, həmçinin havadarlarına arxalanaq zaman- zaman törətdiyi hərbi- siyasi təxribatlar sülh sazişinin imzalanmasının qarşısını aldı. Buna baxmayaraq, məhz Bakının diplomatik məharəti nəticəsində münasibətlərin normallaşması istiqatində yeni uğurlar əldə edildi. Əgər Ermənistan hakimiyyəti lazımi səviyyədə siyasi iradə nümayiş etdirsə, bu il sülh sazişi imzalana bilər.
Bu isə öz növbəsində Cənubi Qafazda yeni əməkdaşlıq mərhələsinin başlanmasına, həmçinin Türkiyə- Ermənistan, Rusiya- Ermənistan və Rusiya- Gürcüstan ikitərəfli münasibətlərinə təsir edəcək.
2025- ci ildə, həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibənin də bitməsi gözlənilir. Düşünmək olar ki, artıq savaşın son və həlledici mərhələsidir.
ABŞ- dakı prezident seçkilərində qalib gələn Donald Trampın və Türkiyənin səyləri nəticəsində tərəflərin danışıqlar masası arxasına oturması gözlənilir. Rəsmi Kiyev, yəqin ki, ərazi güzəştinə getməli olacaq.
Suriyaya gəldikdə isə bildirməliyik ki, Bəşər Əsəd rejimin süqutu Türkiyənin regionda "əlini gücləndirir". Türkiyə Suriyanın yeni hakimiyyəti ilə işləyərək ölkənin şimalının terrordan tamamilə təmizlənməsinə, beləliklə, öz təhlükəsizliyinin təmin edilməsinə nail ola bilər. Yəni 2025- ci ildə Türkiyə ölkə sərhədlərindən kənarda terrorla mübarizədə ciddi uğur qazana bilər.
Əsəd rejimin devrilməsi ilə ümumilikdə Yaxın Şərqdə yeni reallıqlar yaratdı. Rəsmi Ankara bundan istifadə edərək bölgədə təsir imkanlarını artıracaq. Bu, müəyyən formada İsrail- Fələstin gərginliyinə, Təl- Əviv- Tehran münasibətlərinə də təsir edəcək.
Avropadakı gərginlik isə getdikcə arta bilər. ABŞ-in yeni hakimiyyəti Rusiyaya ilə münasibətləri qismən loyallaşdırsa, onda Avropa İttifaqı (Aİ) rəsmi Moskva qarşısında təklənəcək. Bu, Aİ daxilində gərginliyi və fikir ayrılığını artıracaq.
Bəzi Avropa dövlətləri nüfuzunu itirməyə davam edə bilər. Bu, Fransa kimi dövlətlərin siyasi hakimiyyətindəki səriştəsizliklə bağlıdır. Təsadüfi deyil ki, Fransada artıq mövcud iqtidara qarşı narazılıqlar başlayıb. Bunun məntiqi nəticəsi olaraq Fransa Prezidenti Emmanuel Makronun 2025-ci ildə hakimiyyətdən getməsi mümkündür.
Azərbaycan isə öz növbəsində neokolonializmə qarşı mübarizəni gücləndirəcək. Ümumiyyətlə, düşünmək olar ki, bu il Azərbaycanın xarici siyasəti üçün uğurlu olacaq.
Kənan Novruzov
08:23 01.01.2025
Oxunuş sayı: 7213