Sözün gücü, informasiyanın qüdrəti və ya informasiya təcavüzü ilə qarşı-qarşıya
Xalqımızın çox qiymətli bir deyimi var: “OHA” VAR DAĞA QALDIRAR, “OHA” VAR DAĞDAN DÜŞÜRƏR”. Xalq yazıçısı Mirzə İbrahimovun “Böyük dayaq” əsərində işlətdiyi bu ifadə göstərir ki, xalqımız sözün kəsərini, insan davranışlarına təsirinin nə qədər əhəmiyyətli olduğunu qədim zamanlardan bilirdi.
Xristian dini doktrinasını formalaşdıranlar da İncilin başlanğıcında, “Yəhyanın xoş xəbərində (yevageliya)”, ilk ayə olaraq deyir: -“Başlanğıcda kəlam var idi və kəlam Allahda idi, kəlam özü Allah idi".
İnformasiyanın gücü və təsirliliyi barədə qeyd olunanları bizimlə yanaşı, bu sahəni araşdıranların hamısı bilir. Miladdan öncə V yüzillikdə yaşamış Çin mütəfəkkiri Sun Dzi özünün “Müharibə sənəti” kitabında da informasiya alətlərinin təsirliyini qeyd edir. Texnologiyaların inkişafı ilə bu alətlərin sayı çoxalır, çeşidi genişlənir və təsirlilik dərəcəsi də artır.
ABŞ-da informasiya Təhlükəsizliyi üzrə birləşmiş komissiya 1923-cü ilin fevralından yaradıldı. 1994-cü ilə qədər bu komissiya fəaliyyətini təhlil edərək belə nəticəyə gəlmişdir ki, informasiya sistemlərinə və şəbəkələrinə “soxulmaq “- XXI əsrdə təhlükəsizliyə ən ciddi qorxudur və məlumatların ötürülməsi şəbəkələri gələcəyin döyüş meydanına çevrilir. İnformasiya silahını, onun tətbiq olunma strategiyasını və taktikasını hələ diqqətlə araşdırmaq lazım gələcək, müdafiə və hücum zamanı bu silah"elektron sürəti ilə" istifadə ediləcək. İnformasiya texnologiyaları bir güllə də atmadan geosiyasi böhranları yaratmağa, eləcə də həll etməyə imkan yaradacaq. Milli təhlükəsizliyin təmin olunması siyasəti və onun həyata keçirilməsi prosedurları informasiya müharibələrinin aparılması imkanlarının müdafiəsinə və ABŞ-a qarşı duran dövlətlər tərəfindən belə müharibələrin aparılmasını qadağan etmək üçün “bütün lazımi şəraitin yaradılmasına yönəldilməlidir”.
İnformasiya Müharibəsinin hazırlanması və aparılması strategiyasını işləyib hazırlamış ABŞ-ın silahlı qüvvələrinin bütün növlərində İM-nin aparılması üzrə ixtisaslaşdırılmış mərkəzlər fəaliyyət göstərir. ABŞ hərbi hava quvvələri informasiya döyüş hərəkətləri mərkəzi Texas ştatında, ABŞ ordusunun yerüstü informasiya döyüş hərəkətləri xidməti Virciniya ştatında yerləşir. Bununla yanaşı, Pentaqonda hər bir ordu növünün bu problematika üzrə işçi qrupu var. ABŞ silahlı qüvvələrinin nizamnaməsində və normativ sənədlərində İM-nin aparılması prinsipləri və üsulları öz əksini tapır.
ABŞ silahlı qüvvələrinin bütün növlərində İM-nin aparılması üçün xüsusi bölmələr yaradılmış və xüsusi zabit vəzifələri ayrılmışdır. Bütün hərbi məktəblərdə İM-nin aparılması üzrə xüsusi kurslar açılmış və İM-nin aparılması məqsədilə mütəxəssislər hazırlanır ki, 1995-ci ildə məzunların ilk buraxılışı olmuşdur. Həmin ildən başlayaraq ABŞ silahlı qüvvələrində bu problematika üzrə təlimlər və qərargah oyunları keçirilir.
ABŞ hökümətinin himayəsi altında İM-nin aparılması üzrə beş beynəlxalq konfrans keçirilmişdir. Milli informasiya infrakstrukturunun hər il təkmilləşdirilməsi üzrə tədbirlər görülür. ABŞ hökuməti nümayəndələrinin qiymətləndirilməsinə görə burada toplanan informasiyaların 80 faizi məxfi və o cümlədən mühüm vacib olanlardır.
1998-ci ilin fevralında Klinton adminstrasiyasi ABŞ ərazisində yeni keyfiyyət xarakterli yeni İnternet şəbəkəsi (Next Generation Internet) yaradılması layihəsini genişləndirmək haqqında qərar qəbul etdi. İnformasiya silahının yeni növlərinin hazırlanmasına və onlarla milli strukturların zənginləşdirilməsinə xərclər hər il artırılır. Ekspertlərin rəyinə görə, bu məqsədə yönəldilən maliyyə vəsaitinin həcmi 1994-cü ildə raket-nüvə və kosmik proqramlara sərf olunan xərclərin həcmindən artıq idi.
Nəhayət müəyyənləşdirək, nədir informasiya müharibəsi, informasiya təcavüzü? İnformasiya alətləri nə şəkildə təsirli olur və bu bizim üçün nə qədər təhlükəlidir?
Hakimiyyətdə olan bir sosial qrupun digərlərini qeyri-aşkar, bir çox hallarda manipulyasiya edilmiş biliklərin dövriyəsinə əsaslanan müəyyən üsullar və vasitələr mövcuddur. Bu prosesdə sosial, milli, dini qruplar arasında qlobal sərhədsiz məkanda fəaliyyət göstərən elektron KİV və sosial platformalar aparıcı rol oynayır.
İnformasiya təcavüzünü həyata keçirənlər KİV sahəsində transmilli korporasiyalar, beynəlxalq yeniliklər agentlikləri və informasiya maqnatlardır. Bu məqsədlə bütün mövcud olan platformalardan istifadə olunur və böyük maliyə vəsaiti sərf edilir. Son 20-30 ildə bu tip müəssisələrin sayı artmaqdadır.
İnformasiya təcavüzünün anında təsirliyi haqqında düşünənlər sadəlövhdürlər. Təcavüz tədricən baş verir və ilk hədəf məqsəd auditoriyasının psixoloji təsir altına salmaqdır. İnformasiya-psixoloji təsirin mənbələrinə aşağıdakılar aiddir:
-dövlətin və qeyri-dövlət qurumlarının kütləvi informasiya vasitələri (nəşrlər, radio, televiziya, informasiya və reklam agentlikləri, bloger və sosial şəbəkə spikerləri);
-ictimai rəyin formalaşmasına, sosial siyasi əhəmiyyətli informasiyaların manipulyasiyasına təsir göstərən siyasi partiyalar, hərəkatlar, və müxtəlif informasiya kanalları.
İnformasiya müharibələrinin məqsədi həm daxili, həm də xarici siyasətin məqsədi ilə üst-üstə düşür və ilk addımlar informasiyanın monitoriqindən və onun korreksiyasından ibarətdir. İnformasiya müharibəsi aparılmasının aşağıdakı üsullarını göstərmək olar:
1. Reklam. (Böyük maliyə bazarına malik fəaliyyət sahəsi olaraq)
2. İnformasiyanın parçalanması. Bu fəaliyyətin nəticəsində aşkar hadisələrin xırda hissələrlə göstərilməsi və baş verənlərin təhlil olunması ənənəsi müşahidə edilir. Bu zaman baş verənləri göstərmək, qarşılıqlı əlaqəli, qarşılıqlı təminatlı real faktların təsadüfi hadisələrlə yaxud süni reallıqla əvəz edilməsi istəkləri aydın seçilir.
3. Yeniliyin həyata keçirilməsində informasiya fraqmentinin əldə edilməsi və ötürülməsi. Yeniliyin hazırlanması dövründə baş verənlərin əhəmiyyətini qiymətləndirmək mümkün deyil, ona görə informasiya sensasiya elementləri və məlumatın aniliyi ilə qiymətlidir.
4. İnformasiyanın əldə edilməsi yolu ilə inisiativin əldə edilməsi. Məqsəd-öz ölkəsinin əhalisinə yaxud bütün dünyaya özünə sərf edən, rəqibinə isə sərfəli olmayan şəkildə təqdim etməkdir.
5. Silahın qeyri-ənənəvi növlərindən istifadə etmək, nəzarətdən çıxmış əhali kütləsinə təsirdən tutmuş rabitə-kommunikasiya vasitələrinin, hərəkətin və enerji mənbələrinin sıradan çıxarılmasına qədər halları əhatə edir.
Qeyd edək ki, informasiya müharibəsi təsəvvür edildiyi qədər də birmənalı deyil. Əvvəla, informasiya- psixoloji təsirin neqativliyini, informasiya yaxud psixoloji müharibənin aparılması prosesini əvvəlcədən qiymətləndirmək çətindir. İkinci, əgər müharibə aparılırsa sifarişçi kimdir? Üçüncü, əgər müharibə yaxşı təşkil olunubsa, məğlubiyyət dərhal baş verəcəkmi? Ona görə də dövlətin vəzifəsi-informasiya təcavüzünün dəf edilməsi üsullarını müəyyənləşdirmək və müvafiq addımları atmaqdır. Psixoloji müharibə şəraitində dövlətin informasiya siyasətində əsas funksiyası-cəmiyyəti neqativ informasiya ilə psixoloji təsirlərdən qorumaqdır. Bu siyasət özündə iki əsas cəhəti birləşdirir:
- informasiya-psixoloji müharibəyə qarşı durmaq;
- informasiya-psixoloji müharibənin idarə olunmasını təmin etmək.
Belə bir durumda, qarşıdurma konsepsiyası aşağıdakıları nəzərdə tutur:
- Birincisi, informasiya psixoloji müharibə müdafiə olunan sistemə münasibətdə xarici faktordur və biz bu təzahürün meydana çıxması səbəbinə təsir göstərə bilmərik, çünki bu proses müdafiə olunan sistemin xaricində baş verir;
- İkincisi, biz müharibəyə qarşı durarkən həmin informasiya-psixoloji təcavüz konfliktin formalaşmasına səbəb olur və inkişafın qanunauyğunlarına mane olur. Konfliktin bir mərhələdən digərinə keçməsi şəraitini dəyişirik, onun normal təkamül sürətini pozuruq. Prinsipcə, məsələyə bu cür qarışmaq siyasi konflikt kimi psixoloji müharibənin axınını poza bilir;
- Üçüncüsü, hər yeni informasiya-psixoloji konflikti müdafiə olunan sistem üçün yeni təhlükədir. Konfliktlər nə qədər çox baş verirsə, təhlükə də o dərəcə çoxalır.
Qarşıdurma konsepsiyasının asas çatışmazlığı ondadır ki, qarşıdurmanın məqsədi - informasiya psixoloji konflikti onun baş verdiyi yerdə aradan qaldırmaq, yaxud lokallaşdırmaqdır. İnformasiya siyasi konfliktlərin çoxluğu şəraitində əlçatmaz olur. Siyasi-konfliktə qarşı mübarizəyə başlayarkən təzahürün özü ilə deyil, yeni sosial təzahürün-psixoloji müharibənin ayrı-ayrı təzahürləri ilə mübarizə aparılır. İnformasiya siyasətində psixoloji müharibəni idarəetmə konsepsiyası belə bir baza əsasındadır ki, nəyəsə qalib gəlmək mümkün deyilsə, onda onu təşkil etmək və ona başçılıq etmək lazımdır.
İnformasiya-psixoloji müharibənin idarə edilməsi xarici siyasi təsir alətlərinin köməyi ilə müharibənin sistem özəlliyini seçilmiş istiqamətə dəyişmək fəaliyyətidir. Dövlət informasiya siyasəti sistemində informasiya-psixoloji müharibənin idarə olunması xüsusi şəraitlərdə hakimiyyət orqanları fəaliyyətinin çox vacib kateqoriyasıdır.
Psixoloji müharibənin idarə olunması konsepsiyası qarşıdurma konsepsiyası məqsədlərinə çatmağa imkan verir. Əgər müharibəni idarə etmək mümkündürsə, onda, cəmiyyətin siyasi meydanında belə konfliktlərin az və ya çox olmasından asılı olmayaraq, ictimai sabitlik üçün elə də prinsipial deyil. Haradasa bu cür konflikt baş verirsə, o dərhal dövlət tənzimlənmə subyektinə çevirilir, deməli, cəmiyyətdə müəyyən sosial funksiyanı yerinə yetirməyə başlayır.
Özünün bütün aqressiv konstruktiv sosial funksiyaları ilə yanaşı müasir informasiya psixoloji müharibənin müxtəlif xüsusiyyətləri var. Məsələn, ilk növbədə beynəlxalq münasibətlər meydanından ənənəvi silahlı mübarizə formasının çıxarılması və informasiya məzmunu ilə davam etməsi. Beynəlxalq münasibətlər sistemində psixoloji müharibənin bu funksiyalarından istifadə edilməsi ilə psixoloji müharibəyə hətta informasiya sisteminin aləti kimi baxmağa imkan verir. Bundan başqa, əgər konfliktlər azdırsa, informasiya-psixoloji konfliktlərin idarə olunması prinsipcə effektli ola bilməz, çünki tək-tək hallarda olan konfliktlər özlərini fərdi qaydada aparmağa başlayır, informasiya idarəsinin üzərində qurulmuş ümumi statistik ənənələr və qanunauyğunluqlar çərçivəsindən kənara çıxır. Beləliklə, psixoloji müharibənin idarə edilməsi konsepsiyasında konfliktlərin çoxluğu konsepsiyasının təcrübədə həyata keçirilməsinə maneə deyil, əksinə, onun effektliyinin əsas şərtidir.
İnformasiya-psixoloji müharibə şəraitində dövlət informasiya siyasətinin həyata keçirilməsinin yeni ənənələri və qanunauyğunluqları ortaya çıxır:
1. İnformasiya-psixoloji müharibənin sosial aydınlaşması.
2. İnformasiya-psixoloji müharibələrin konfliktogen potensialının sosial reduksiyasi.
3. Siyasi konfliktlərin eyni vaxtda çıxış etdiyi informasiya siyasəti sistemində siyasi konfliktlərin obyekt- subyekt dualizmi həm informasiya idarəsinin obyekti, həm də başqa siyasi konflikt və proseslərin idarə olunmasının aləti kimi çıxış edir.
4. Xarici informasiya-psixoloji təzahürün institutlaşdırılması.
Nəzərə alsaq ki, informasiya müharibəsinin aparılması və informasiya silahının tətbiq edilməsi çoxplanlı va aktual xarakter daşıyır, bu təhlükənin məzmununa və onun həyata keçirilməsinin xüsusiyyətlərinə baxaq. İnformasiya qarşıdurması adi müharibələrin gedişinə yeni xarakter yükləyir, onu daha yüksək mərhələyə - informasiya müharibəsinə keçirir. "İnformasiya müharibəsi" termini müasir anlamda 80-ci illərin ortalarında "soyuq müharibə” qurtardıqdan sonra ABŞ silahlı qüvvələrin yeni vəzifələri ilə əlaqədar meydana çıxmışdır.
"Səhrada tufan" əməliyyatının keçirilməsindən sonra, müharibənin aparılmasının vasitəsi kimi yeni informasiya texnologiyalarından ilk dəfə fəal istifadəyə başlanmışdır. Rəsmi olaraq ABŞ müdafiə nazirliyinin 21 dekabr 1992-cı il tarixli direktivində möhkəmlənmişdir. ABŞ hərbi dairələrində informasiya müharibəsi, eyni zamanda öz informasiya və kommunikasiya sistemlərinin təhlükəsizliyini təmin etməklə, düşmənin informasiyasına və kommunikasiya sistemlərinə təsir göstərmək yolu ilə, milli hərbi strategiyasına kömək məqsədilə rəqib üzərində informasiya üstünlüyü əldə etmək üçün edilən lazımlı hərəkətlər kimi başa düşülür.
İnformasiya müharibəsinin özəlliklərinə aşağıdakıları aid etmək olar;
- İnformasiya müharibəsi informasiyanı istifadə mühitindən ayıraraq, müstəqil obyektlər olaraq informasiyanın və informasiya sistemlərinin bütün növlərini əhatə edir və bu obyektlər həm silah, həm də müdafiə obyekti kimi çıxış edə bilər.
- informasiya müharibəsi aparılan arealın ərazisi və mühiti genişləndirilir, həyat fəaliyyətinin müxtəlif sahələrində həm müharibə olan zaman, həm də böhran vəziyyətlərində həyata keçirilə bilir.
İnformasiya müharibəsi həm ixtisaslaşmış hərbi qurumların, həm də mülki strukturlar tərəfindən həyata keçirilir. İnformasiya hücumu və alətlərin düzgün seçilməsi, obyektin düzgün müəyyənləşdirilməsi və icraçıların peşəkarlıgı və onların fərdi xüsusiyyətləri əhəmiyyətli faktorlar hesab edilir. “Amerikanın səsi” kanalının bu yaxınlarda efirə verdiyi bir müsahibəni təhlil edək.
Müxbir Bakıda həbsdə olan bir erməni quldurun hüquqlarını müdafiə etmək məqsədi ilə Amerikalı bir hüquq müdafiəçisində müsahibə götürür və ona verdiyi suallar müsahibin xoşuna gəlmir. Müsahib əsəbləşir, müxbiri iddiam edir, qoyulmuş sualların mövzuya uygun olmadıgını deyir və proqram məqsədə çatmır. Məlum olur ki, aparıcı azərbaycanlıdır və müsahibin bir quldur haqqında danışarkən onu mələk simasında təqdim etmək cəhdlərinin qarşısını alır və müsahibi o şəxsin cinayətlərinə yönəldir. Bu epizodda informasiya hücumu əks təsir yaradır və gözlənilməyən sonluqla bitə bilir. Odur ki, sifarişi yerinə yetirməyən alət (burada müxbir bir alət olaraq iştirak edir) kənarlaşdırılır və proses yeni alətlərlə davam edir.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
06:02 03.01.2025
Oxunuş sayı: 10481