Uşaqların erkən yaşlardan təzyiq altında böyüməsi gələcək həyatlarına təsir edir
Müasir dövrdə uşaqların erkən yaşlardan etibarən bağça, məktəbəqədər hazırlıq, məktəb və müxtəlif inkişaf proqramlarına cəlb olunması geniş yayılıb. Valideynlər övladlarının gələcəkdə daha uğurlu olması üçün onları mümkün qədər erkən yaşlardan müxtəlif təhsil və inkişaf proqramlarına yönləndirirlər. Lakin uşağın bütün gününü dərs, hazırlıq və kurslarla keçirməsi onun psixoloji inkişafına müəyyən təsirlər göstərə bilər. Xüsusilə yüksək nəticə gözləntisi uşaqlarda stress, narahatlıq və uğursuzluq qorxusunun yaranmasına səbəb ola bilər. Bununla yanaşı, uşağın oyun, istirahət, ailə ilə ünsiyyət və sərbəst vaxt ehtiyacı da nəzərə alınmalıdır. Erkən yaşlardan formalaşan “daha yaxşı olmalıyam”, “geri qalmamalıyam” düşüncəsi bəzi hallarda yetkinlik dövründə də davam edə bilər. Bəs uşağın gələcəyini düşünərkən onun uşaqlığını və psixoloji rahatlığını nə dərəcədə nəzərə almaq lazımdır? Uşaqların davamlı təhsil və nəticə təzyiqi altında böyüməsi onların gələcək həyatına necə təsir göstərir?
İngla Kids and Preschoolun direktor müavini, uşaq və yeniyetmə psixoloqu Aysu Həsənzadə Crossmedia.az-a bu mövzuda müsahibə verib.
- Uşağın erkən yaşlardan davamlı təzyiq altında böyüməsi onun psixologiyasına necə təsir edir?
- Uşağın erkən yaşlardan etibarən bağça, məktəbəqədər hazırlıq və müxtəlif inkişaf proqramlarına cəlb olunması özlüyündə mənfi hal deyil. Əsas məsələ bu prosesin uşağın yaşına, inkişaf tempinə və psixoloji ehtiyaclarına uyğun təşkil edilməsidir. Çünki erkən yaşlarda uşağın əsas inkişaf vasitələrindən biri oyundur. Oyun, sərbəst vaxt, ailə ilə ünsiyyət və istirahət dərs qədər uşağın inkişafının bir hissəsidir. Uşağın bütün gününü dərslər və kurslarla doldurduqda ona çox imkan yaratdığımızı düşünə bilərik, amma eyni zamanda öz maraqlarını kəşf etmək və sərbəst seçim etmək üçün lazım olan zamanı da məhdudlaşdıra bilərik.
- Uşağın yüksək nəticə göstərməyə yönləndirilməsi hansı psixoloji problemlərə səbəb ola bilər?

- Xüsusilə uşağın davamlı yüksək nəticə göstərməyə yönləndirilməsi müəyyən psixoloji təzyiq yarada bilər. “Hər zaman yaxşı olmalıyam, geri qalmamalıyam, valideynlərimi məyus etməməliyəm” düşüncəsi zamanla uğursuzluq qorxusuna, narahatlığa və mükəmməlliyyətçiliyə çevrilə bilər. Burada vacib məqamlardan biri uşağın öz dəyərini nəticələri ilə əlaqələndirməməsidir. Uşaq bilməlidir ki, bir imtahanda zəif nəticə göstərməsi və ya hansısa sahədə uğursuz olması onun bacarıqsız və ya dəyərsiz olması demək deyil.
- Valideynlər uşağın üzərinə nə qədər məsuliyyət və gözlənti qoymalıdırlar?
- Valideynlərin övladlarının gələcəyini düşünməsi təbiidir, lakin dəstəkləməklə məcbur etmə arasında sərhəd olmalıdır. Uşağın fikri davamlı olaraq nəzərə alınmırsa, yorğunluğu görməzdən gəlinirsə, başqa uşaqlarla müqayisə edilirsə və uğur valideyn sevgisini və təsdiqini qazanmağın əsas yoluna çevrilirsə, artıq sağlam motivasiyadan deyil, psixoloji təzyiqdən danışa bilərik. Digər tərəfdən, uşağın hər istəmədiyi fəaliyyətdən uzaqlaşdırılması da doğru deyil. Uşaq məsuliyyət daşımağı və müəyyən çətinliklərin öhdəsindən gəlməyi öyrənməlidir. Burada əsas məsələ tarazlıqdır. Sağlam məsuliyyət uşağa “bacara bilirəm” hissini verir, həddindən artıq gözlənti isə “nə etsəm də kifayət deyil” düşüncəsini yarada bilər.
- Uşaqlıqdan formalaşan “çatmalıyam, bacarmalıyam” düşüncəsi gələcək həyata təsir göstərə bilərmi?
- Uşaqlıqdan daim “çatmalıyam, bacarmalıyam, daha yaxşı olmalıyam” düşüncəsi ilə böyüyən insanın bu yanaşmanı yetkinlik həyatına da daşıması mümkündür. Belə insan universitetdə, iş həyatında və şəxsi həyatında daim növbəti nəticənin arxasınca gedə, istirahət etdikdə özünü günahkar hiss edə və əldə etdiyi uğurlardan zövq almaqda çətinlik çəkə bilər.
- Uşaqları gələcəyə hazırlayarkən əsas diqqət nəyə yönəldilməlidir?
- Uşaqları gələcəyə hazırlayarkən onların bu gününü əllərindən almamaq çox vacibdir. Uşaqlıq yalnız gələcək həyata hazırlıq mərhələsi deyil, həyatın özünün mühüm bir dövrüdür. Məqsəd yalnız uğurlu uşaqlar yetişdirmək deyil, eyni zamanda özünü tanıyan, səhv etməkdən qorxmayan, məsuliyyət daşımağı və istirahət etməyi bacaran, psixoloji cəhətdən sağlam insanlar yetişdirmək olmalıdır.
Zeynəb Həsən
12:00 02.09.2026
Oxunuş sayı: 62