Şimali Koreyanın Rusiyaya gizli dəstəyi üzə çıxdı
PUA-ların idarə olunması üzrə bölmə də var.
Crossmedia.az xəbər verir ki, ˝CNN˝ bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, hazırda Rusiyada Şimali Koreyadan olan hərbçilərin sayı 8 500 nəfərə çatır. Bu qüvvələr əsasən Rusiyanın Kursk vilayətində yerləşdirilib. Onların arasında minlərlə mühəndis və istehkamçı, eləcə də 400 PUA operatoru var.
Skibitski bildirib ki, PUA operatorlarının bir çoxu əvvəlki və ya hazırkı yerləşdirmə zamanı təcrübə qazanıb. Onların pilotsuz uçuş aparatlarından həm kəşfiyyat, həm də Ukraynadakı obyektlərə hücumlar üçün istifadə edilə biləcəyi ehtimal olunur.
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsində əsas məqsəd onların birbaşa Ukrayna ərazisində döyüşməsi deyil. Onların Rusiyanın arxa mövqelərini gücləndirməsi və bununla da rus hərbçilərinin Ukraynada hücum əməliyyatlarına cəlb olunması nəzərdə tutulur.
Məlumata görə, Şimali Koreya 2024-cü ilin sonundan Rusiyanın hərbi əməliyyatlarına dəstək məqsədilə ölkəyə qoşun göndərir. Vladimir Putinin sentyabrda Kim Çen Inla görüşü zamanı Pxenyandan daha 50 minə qədər hərbçi göndərilməsini istəyə biləcəyi bildirilir.
Skibitskinin sözlərinə görə, indiyədək təxminən 25 min Şimali Koreya hərbçisi Rusiyada yerləşdirilib və ya rotasiya olunub.
Bundan əlavə, Şimali Koreyanın Rusiyaya KN-23 və KN-24 tipli ən azı 150 ballistik raket göndərdiyi bildirilir. Daha 150 raketin tədarükünün vəd edildiyi qeyd olunur. Skibitskiyə görə, onlardan 40-ı artıq Rusiyaya çatdırılıb.
Ukrayna tərəfi hesab edir ki, Şimali Koreyanın daha müasir raketlərinin uçuş məsafəsi 800 kilometrə qədərdir. Bununla yanaşı, bəzi raketlərin hədəfdən 15-19 kilometr kənara düşdüyü bildirilir. Skibitski bunun Pxenyanın raketlərin idarəetmə sistemlərini və döyüş başlıqlarını təkmilləşdirməsi ilə əlaqəli ola biləcəyini deyib.
Məlumata görə, təxminən 90 Şimali Koreya vətəndaşı raketlərin buraxılışına yardım göstərmək üçün Rusiyanın Voronej vilayətinə göndərilib. Həmçinin təyyarələrlə Şimali Koreyadan raketlərin olduğu ehtimal edilən 10 iri yükün bölgəyə çatdırıldığı bildirilib.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın Şimali Koreyadan aldığı ballistik raketlərin sırasında KN-23, KN-24 və KN-30 modelləri də var. İyul ayına olan məlumata görə, Rusiyada bu tipli təxminən 50 raketin olduğu bildirilmişdi.
20:19 21.08.2026
Oxunuş sayı: 45