KİV-dən xəbərdarlıq: Almaniya Çinin əsl planını gec anladı
Almaniya Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra təhlükəsizlik siyasətində ciddi dəyişikliklər etsə də, xarici siyasətin digər istiqamətlərində əvvəlki yanaşmalarını böyük ölçüdə qoruyub saxlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) yazıb.
Nəşrin fikrincə, Berlin hələ də transatlantik əlaqələrə, çoxtərəfliliyə, beynəlxalq hüquqa və xüsusilə xarici ticarətə böyük əhəmiyyət verir. Bu yanaşma ən çox Çinlə münasibətlərdə özünü göstərir.
FAZ qeyd edir ki, Almaniya kansleri Fridrix Merzin Pekinə səfəri zamanı da əsas diqqət iqtisadi məsələlərə yönəlib. Tərəflər ticarətin faydalarını, ədalətli rəqabəti müzakirə edib, Çin isə “Airbus”dan təyyarələr almağa hazır olduğunu bildirib.
Nəşr hesab edir ki, bu, Almaniyanın uzun illərdir davam etdirdiyi ixracat ölkəsi xarici siyasətinin davamıdır. Lakin FAZ-a görə, Berlinin Rusiya ilə bağlı əsas səhvi də məhz iqtisadi maraqları dövlətin strateji maraqları ilə eyniləşdirməsi olub.
“Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində ən mühüm müttəfiqlərindən biridir”, – məqalədə vurğulanıb.
Bildirilir ki, Pekinin Rusiyadan neft alması, ikili təyinatlı məhsulların tədarükü və hərbi əməkdaşlıq Moskvanın Qərb sanksiyalarının təsirlərini azaltmasına kömək edir.
FAZ həmçinin Çin lideri Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinə münasibətdə yalnız iqtisadi maraqlardan çıxış etmədiyini iddia edir. Nəşrin fikrincə, Pekin və Moskva Qərbin formalaşdırdığı mövcud dünya nizamını zəiflətməkdə ortaq maraqlara malikdir.
Məqalədə Fridrix Merzin Pekinlə münasibətləri strateji tərəfdaşlıq adlandırması da tənqid edilir. FAZ hesab edir ki, əslində Çinlə Avropa arasında strateji rəqabət mövcuddur.
Nəşrə görə, Ukrayna faktiki olaraq iki böyük dövlətin – Rusiya və Çinin qarşıdurmasının mərkəzində qalıb və Avropa ölkələri ticarət vasitəsilə Rusiyaya dolayı yolla resurs qazandırır.
FAZ Avropa İttifaqının (Aİ) Pekinə qarşı əsas təsir vasitəsinin iqtisadi gücü olduğunu bildirir. Məqalədə qeyd olunur ki, Çin iqtisadi çətinliklərlə üzləşdiyindən Avropanın böyük və ödəniş qabiliyyətli bazarına çıxışı itirmək istəməyə bilər.
Nəşr hesab edir ki, Aİ Çinlə danışıqlarda yalnız ticarət balansına deyil, Ukraynadakı müharibəyə də daha çox diqqət yetirməlidir.
19:59 21.08.2026
Oxunuş sayı: 49