Azərbaycanlıların olduğu gəmi VURULDU
Türkiyə şirkəti tərəfindən istismar olunan “Volgo Balt 226” yük gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hücum zamanı gəmidə 10 Azərbaycan və 1 Gürcüstan vətəndaşı olub. Onlardan heç biri xəsarət almayıb.
Hücum nəticəsində gəmiyə zərər dəyib. Hazırda yük gəmisi Türkiyənin Trabzon limanına doğru hərəkət edir.
Bildirilib ki, 1980-ci ildə inşa edilən “Volgo Balt 226” Komor Adaları bayrağı altında üzür və “Azov Shipping” şirkətinə məxsusdur.
Qeyd edək ki, Türkiyə Nəqliyyat Nazirliyi Qara dənizdə türk ticarət gəmilərinə qarşı hücumların artması fonunda gəmiçilik şirkətlərinə təhlükəsizliklə bağlı xəbərdarlıq edib. Türkiyənin Xarici İşlər Nazirliyi də Qara dənizdə münaqişənin eskalasiyasından ciddi narahatlığını ifadə edib.
16:03 21.08.2026
Oxunuş sayı: 46